XALQ ŞAİRİ ZƏLİMXAN YAQUB HAQDA YENİ KİTAB
Bu günlərdə Azərbaycan MEA-nın müxbir üzvü, millət vəkili Nizami Cəfərovun Xalq şairi Zəlimxan Yaqub haqqında kitabı işıq üzü görmüşdür.
Kitabın girişində də deyildiyi kimi, Xalq şairi, müasir Azərbaycan, ümumən türk dünyası poeziyasının parlaq nümayəndələrindən biri olan, Azərbaycan poeziyasını əzbərdən bilən, onu səmimiyyətlə təbliğ etməkdən doymayan və özü də bu poeziyanın ən gözəl örnəklərini yaradan Zəlimxan Yaqubun həyat və yaradıcılığına həsr olunmuş məqalələrin toplandığı bu kitab, hər şeydən əvvəl, onun genişmiqyaslı ədəbi, ictimai və siyasi-ideoloji fəaliyyətinə ehtiramın məhsuludur. N.Cəfərov yazır: “Dahi sələflərə mükəmməl istedadla (və ləyaqətlə!) xələflik edən Zəlimxan Yaqubun xalq arasında qeyri-adi populyarlığı təsadüfi deyil. Çünki o, mənsub olduğu millətin ruhundan qopmuş, təbiətindən – mentalitetindən doğulmuş mütəfəkkir sənətkarlardandır”.
“Elm və təhsil” nəşriyyatında nəfis tərtibatla nəşr olunmuş kitabın redaktoru Dəyanət Osmanlıdır.
|