XALQIN MÖHTƏŞƏM QƏLƏBƏSİ
9 oktyabr prezident seçkilərində cənab İlham Əliyevi yeni müddətə dövlət başçısı seçməklə xalqımız daha bir möhtəşəm qələbə qazandı. Ölkəmizin yüksəliş, rifah, uğur marafonu qorunub saxlandı.
Seçib-seçilmək hər bir cəmiyyətin zəruri tələbatı, insanların heç nə ilə əvəz oluna bilməyən hüququdur. Tarixi bəlaların bir çoxu bu həqiqətin həyatda özünə yer tuta bilməməsindən irəli gəlib. Hər hansı bir toplumun rəhbəri ümumi razılıqla seçilməyəndə bunun ağrı-acısını hər iki tərəf çəkib. Bu gerçəyi dərk edən xalqlar ölkələrində əmin-amanlıq yaradır, qurduqları dövlət ümumi inkişafa, qayda-qanuna cavabdehliyi həyata keçirə bilir. Siyasi anlamda buna demokratiya, xalqın dilində isə xoşbəxtlik, səadət deyilir.
Tarixə nəzər yetirəndə Azərbaycan xalqı belə bir demokratiya və xoşbəxtlik yoluna dövlət müstəqilliyi qazanandan sonrakı çətin dövrdə – 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə dəvət edilməsi və böyük əksəriyyətin iradəsi ilə ilk həqiqi ölkə Prezidenti seçilməsi ilə qədəm qoyub. Xalqın sevdiyi, seçdiyi lider olduğuna görə Heydər Əliyev öndərləşdi, itirilməkdə olan suverenliyi qorudu, xalqı birləşdirdi, ümumi böhrana son qoydu, Azərbaycanı inkişaf və səadət yoluna çıxardı. Xalqla rəhbərin belə yüksək uyarlığı, dilbirliyi, əməlbirliyi çoxəsrlik tariximizin yeni bir dövrünün başlanğıcını qoydu. Bu iradə, həqiqətən, xalqın ilk həqiqi, ədalətli, yekdil seçiminin məntiqini, gücünü ortaya qoydu.
Son 20 ildə xalqımız dövlət başçısı seçimini bu günlərdə beşinci dəfə yüksək səviyyədə gerçəkləşdirməklə taleyinə sahib çıxdığını, ölkənin ən güclü, ən ağıllı, ən bacarıqlı siyasətçisini özünə rəhbər seçə bilmək məharətini bir daha dünyaya göstərdi. 1998-ci ildə ulu öndərin prezidentliyini ikinci dəfə qanuniləşdirən xalqımız onun ömrünün son aylarında xeyir-dua verdiyi növbəti seçimi də tarixi məsuliyyətlə həyata keçirib, Heydər Əliyev yolunun ən layiqli davamçısı İlham Əliyevi 2003-cü ildə ali hakimiyyət kürsüsünə gətirdi.
Ümummilli liderin ideya və əməllərini ardıcıl, yüksələn xətt üzrə həyata keçirən, Azərbaycanı regionun lider, köhnə sovet məkanının öncül dövlətinə çevirən İlham Əliyev artıq üçüncü dəfədir ki, xalqın böyük əksəriyyətinin səsini qazanaraq Heydər Əliyev yolunu davam etdirmək səlahiyyəti qazanır. Bu, demokratiya yolunda, ədalətli, şəffaf lider seçimində xalqımızın beşinci, ölkənin ən güclü siyasətçisi olduğunu sübuta yetirmiş İlham Əliyevin isə üçüncü qələbəsidir.
Bir-birini tamamlayan, sonrakı dövrdə doğru-düzgünlüyünü təsdiqləyən bu seçimlər xalqımızda ümumi razılıq, sabaha daha böyük inam yaradır. Xalq ondan məmnundur ki, artıq istədiyi soydaşını özünə rəhbər seçə bilir. Hamıya xoş gələn odur ki, çoxluğun seçimi olan lider öz xalqının xidmətində ləyaqətlə dayanır, ölkəsinin güc-qüdrətini artırır, vətəndaşlarının arzu-istəklərini göyərdir. Bu baxımdan Prezident İlham Əliyevin bu dəfəki qələbəsi xalqımızın gerçəkləşmiş diləklərinin təntənəsidir. Bu, halal, danılması mümkün olmayan bir qələbədir. Bütün dünya gördü ki, Azərbaycan xalqı onun maraqlarını axıradək müdafiə edən, müstəqil dövlətimizin qurucusu Heydər Əliyevin yolunu ləyaqətlə davam etdirən rəhbərindən əl çəkmir, onun arxasında daha möhkəm dayanır.
Yetkin siyasətçi İlham Əliyevi növbəti müddətdə prezident seçməklə ölkəmizin dövlət müstəqilliyinin dönməzliyinə, tərəqqi və yüksəlişin davam etməsinə qərar vermiş xalqımız dünya qarşısında məsul, çətin bir imtahandan üzüağ çıxdı. Hamı kimi, xalqa sözü, qələmi, sevgisi ilə xidmət edən bir şair kimi mən də bu möhtəşəm qələbəyə bütün varlığımla sevinir və inanıram ki, Prezident İlham Əliyev ulu öndərin yolu ilə Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxaracaq. Yeni uğurlar Sizə yar olsun, cənab Prezident!
Zəlimxan YAQUB,
Xalq şairi, Azərbaycan Aşıqlar Birliyinin sədri
|