Xalq Şairi Zəlimxan Yaqub Marneulidə əhali ilə görüşmüşdür
Xalq Şairi Zəlimxan Yaqub Gürcüstan azərbaycanlılarının yığcam yaşadıqları Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli rayon mərkəzində əhali ilə görüşmüşdür.
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə keçirilən görüşdə Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, bölgə gəncləri, tələbələr iştirak etmişlər.
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov Xalq Şairi ilə görüşün artıq ənənə halını aldığını və Zəlimxan Yaqubun Borçalıya hər səfərinin əsl el-oba bayramına çevrildiyini demişdir. O, iştirakçılar adından şairə uzun ömür, cansağlığı arzulamışdır.
Fazil Həsənov tədbirin həm də şairin əsərlərinin yenicə işıq üzü gördüyü 13 cildliyinin təqdimat mərasimi kimi yadda qalacağını demişdir. O, Azərbaycan Prezidenti İlham Əliyevin hər sahədə olduğu kimi, söz sərraflarına da xüsusi qayğısı sayəsində belə gözəl kitabların nəfis şəkildə işıq üzü gördüyünü, bunun həm də dövlət başçısının gürcüstanlı soydaşlara böyük qayğı və diqqətinin təzahürü olduğunu bildirmişdir.
Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlu şairin həyat və yaradıcılığı haqqında ətraflı məlumat vermiş və bu görüşü Zəlimxan Yaqubun yaradıcılıq hesabatı adlandırmışdır.
Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev, Azər Süleymanov, şairlərdən Dərviş Osman, Avtandil Çxaidze, Fatma Əliyeva, Şövkət Dağlarqızı, jurnalist-tədqiqatçı Mirzə Məmmədoğlu, ustad aşıq Kamandarın övladı Əflatun Əfəndiyev, Gürcüstan-Azərbaycan Mədəni Münasibətlər Assosiasiyasının rəhbəri Tamar Lamparidze və başqaları Zəlimxan Yaqub poeziyasının özəlliklərinə diqqəti çəkmiş, şairə böyük yaradıcılıq uğurları diləmişlər.
Ustad aşıq Aslan Kosalı və gənc el sənətkarı Məsim saz və sözlə məclisə xüsusi ovqat vermişlər.
Sonda Zəlimxan Yaqub görüşün təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir. Demişdir ki, bu gün mənim üçün böyük bayramdır. Əsərlərimin 13 cildliyinin Borçalıda - Marneuli rayon mərkəzində ilk təqdimatının keçirilməsini yaradıcılığıma verilən böyük dəstək sayır, qürur duyuram. Mən bu torpağa həmişə səcdə etmişəm və ondan güc alıb zirvələrə üz tutmuşam.
Xalq Şairi diqqəti Azərbaycan-Gürcüstan dostluğuna yönəltmiş, gənclərə bu dostluğu daha da inkişaf etdirməyi, strateji tərəfdaş olan iki dövlətin mehriban münasibətlərinin dərinləşdirilməsində xidmətlərini əsirgəməməyi tövsiyə etmişdir.
Marneuli, 28 avqust 2013.
|