Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   XALQ ŞAİRİ ZƏLİMXAN YAQUBA MÜKAFAT TƏQDİM OLUNDU

 

XALQ ŞAİRİ ZƏLİMXAN YAQUBA

MÜKAFAT TƏQDİM OLUNDU

 

   Bu gün Xalq şairi Zəlimxan Yaqubun indiyədək qazandığı mükafatlar sırasına biri də əlavə olundu. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası Xalq şairini Fəxri diplom və medalla təltif edib. Assosiasiyanın prezidenti, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, professor Əli Nəsibov mükafatı təqdim edərkən dedi ki, Azərbaycan Nyu-York Assosiasiyası 7 ildir ki, fəaliyyət göstərir və bu mükafat Azərbaycanı dünyada daha yaxşı tanıdan, Azərbaycan diasporasının işinə yaxından kömək edən görkəmli ədəbiyyat və incəsənət xadimlərinə, ictimai-siyasi xadimlərə verilir. Zəlimxan Yaqubun bu mükafata layiq görülməsi də təsadüfi deyil. Müsair Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi kimi Zəlimxan Yaqubu Amerika Birləşmiş Ştatlarında da yaxşı tanıyırlar. Bu ölkədə yaşayan azərbaycanlılar və digər türkdilli xalqlar onun əsərlərini sevə-sevə oxuyurlar, kitabları burada fəaliyyət göstərən Azərbaycan məktəblərinin hamısında var. Əli müəllim eyni zamanda Zəlimxan Yaqubun Nyu-Yorkdakı Azərbaycan diasporası ilə əlaqəsindən danışdı, onunla növbəti görüşün də Amerikada olmasını arzuladı.

   Təqdim olunan mükafata görə minnətdarlığını bildirən Xalq şairi dedi ki, indiyədək bir çox mükafatlara layiq görülsəm də, bu mükafat mənim üçün böyük əhəmiyyət daşıyır. Çünki bunu mənə Azərbaycanla Amerika Birləşmiş Ştatları arsında əlaqələrin daha da möhkəmlənməsində körpü rolu oyanayan bir təşkilat verir. Zəlimxan Yaqub xüsusi olaraq vurğuladı ki, bu gün Azərbaycanın səsini dünyanın hər yerinə yaymaq hamımızın vətəndaşlıq borcumuzdur.

   Azərbaycan Nyu-York Assosiasiyasının bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirən Zəlimxan Yaqub ona verilən mükafatı eyni zamanda Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı münasibətlərə verilən qiymət kimi dəyərləndirdi və Assosiasiyanın prezidentinə minnətdarlığını bildirərək fəaliyyətlərində uğurlar arzuladı, Amerikada yaşayan soydaşlarımıza salamlarını çatdırmağı xahiş etdi.

   Zəlimxan Yaqub Azərbaycanın böyük yaddaş şairidir, Azərbaycanın yaddaşıdır deyən tədqiqatçı-alim Azər Turan Xalq şairini bu mükafata layiq görülməsi münasibəti ilə təbrik etdi.

 

 

MUSA NƏBİOĞLU

AZƏRBAYCAN AŞIQLAR BİRLİYİNİN KATİBİ

  Geri