Sazla sözün vəhdətindən ilham alan şair
Bakının Nizami rayonunda yerləşən «Zəngi» liseyində bu günlərdə qüdrətli söz ustası, xalq şairi Zəlimxan Yaqubla görüş keçirildi. Görüşdə liseyin müəllim və şagird kollektivi, valideynlər iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan liseyin direktoru Bayram Heydərov şairi və qonaqları salamladıqdan sonra bu görüşü məktəbin müəllim və şagird kollektivinin həyatında mühüm hadisələrdən biri kimi dəyərləndirdi. Poeziya gülşəninin tanınmış saz, söz ustadı Z.Yaqubun ədəbiyyatımızda tutduğu mövqeyi, aşıq yaradıcılığının inkişafı üçün göstərdiyi xidmətlərini yüksək qiymətləndirən B.Heydərov şairin həyat və yaradıcılığından, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakından geniş bəhs etdi.
Şairin yaradıcılığının ən ümdə, özünəməxsus xüsusiyyətlərini qələmindən çıxan sözlərin qüdrəti ilə diqqətə çatdıran B.Heydərov bildirdi ki, Z.Yaqubun poeziyamızda yüksəldiyi zirvə sazla sözün vəhdətindən qaynaqlanan, vətənə, torpağa, elə, obaya bağlılıq, vurğunluqdur.
Sonra səhnə şagirdlərin ixtiyarına verildi. Onlar söz sənətinin işığına toplaşdıqları şairi salamlayıb, qəlblərinin tərcümanı saydıqları, əsərlərini sevə-sevə oxuduqları və bir çox şeirlərini əzbər bildikləri sənətkarın onlarla görüşə gəlməsindən böyük məmnunluq duyduqlarını, bu görüşün onların xatirəsində əbədi qalacağını vurğuladılar.
Tədbir boyu məktəbin istedadlı şagirdlərinin bir-birini əvəzləyən çıxışlarında şairin həyatının bəzi məqamları, yaradıcılığının əsas cəhətləri, sənətkarlıq xüsusiyyətləri, ilhamını qanadlandıran mövzular, çox sevdiyi aşıq sənəti, saz haqqında söz açıldı, şeirləri, onlara yazılmış mahnılar ifa olundu.
Liseyin Müəllim- Valideyn Assosiasiyasının prezidenti, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə çıxış edərək xalq şairi Zəlimxan Yaqub haqqında ürək sözlərini dedi, yaradıcılığını yüksək dəyərləndirdi, ona cansağlığı, uzun ömür, yeni-yeni yaradıcılıq uğurları arzuladı.
Çıxışlarda qeyd olundu ki, şairin özünəməxsusluğu, onun şeirlərinin, adının oxucular arasında hörmət qazanması ona verilən ən böyük mükafatdır. Xalq ruhuna, poetik fikrimizin gözəl ənənələrinə səmimi hörmət bəsləyən şairlər həmişə xalqın istəklisi olurlar. Z. Yaqub məhz belə şairlərdəndir. Həssas oxucu ilk baxışdan müəllifin mövzu dairəsinin genişliyini, rəngarəngliyini duyur, başa düşür. Füzuli sevgisindən, aşıq Ələsgər, aşıq Alı ruhundan, öz xalqından mənəvi dəstək, ilham alan, qüdrətlənən Z. Yaqub yaradıcılıgı təkrarolunmazdır, bənzərsizdir.
Söz şairə verildi. Z.Yaqub onu görüşə çağırdıqları üçün liseyin rəhbərliyinə, müəllim və şagird kollektivinə minnətdarlığını bildirdi. Tədbirdən böyük zövq aldığını söylədi. Şagirdləri biliklərə yaxşı yiyələnməyə səsləyən xalq şairi öz yaradıcılıq yolundan, həyat prinsiplərindən söz açdı, şeirlərindən oxudu.
Bu gün hər bir azərbaycanlı kimi Z. Yaqubun da əsas arzuzusu Azərbaycanın ərazi büyövlüyünün bərpa olunması, Qarabağ qubarı, nisgilimizin ürəklərdən silinməsi, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtması, müstəqil dövlətimizin daha da möhkəmlənməsi və qüdrətlənməsidir.
Sonda şair tədbir iştirakçılarına təqdim olunan kitablar?na avtoqrafla ürək sözlərini yazdı.
|