Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Bolnisidə xalq şairi Zəlimxan Yaqubun 75 illiyi qeyd olunub

Bolnisidə xalq şairi Zəlimxan Yaqubun 75 illiyi qeyd olunub

 

Gürcüstanın Bolnisi rayonunun Kvemo Bolnisi (Kəpənəkçi) kəndində Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 75 illiyinə həsr olunmuş tədbir keçirilib. Şairin doğulduğu kənddə baş tutan mərasim böyük ruh yüksəkliyi ilə yadda qalıb.
Tədbir Zəlimxan Yaqubun həyat və yaradıcılığını əks etdirən qısa sənədli filmin nümayişi ilə başlayıb. Videoçarxda həmçinin onun ulu öndər Heydər Əliyevlə görüşlərini əks etdirən nadir kadrlar da təqdim olunub.
Ardınca keçirilən mərasimdə kənd sakinləri, Gürcüstan ictimaiyyətinin nümayəndələri, ziyalılar, saz-söz sənətinin tanınmış simaları, Azərbaycan icmasının fəal üzvləri və gürcü ictimai xadimləri bir araya gələrək şairin 75 illiyini qeyd ediblər.
Çıxış edənlər vurğulayıblar ki, Zəlimxan Yaqub yaradıcılığı boyunca Azərbaycan xalqına məxsus milli-mənəvi dəyərləri, folklor ənənələrini qoruyub saxlayıb və bu zəngin irsi yeni nəsillərə ötürə bilib. Onun poeziyası xalqlar arasında dostluq, qardaşlıq və həmrəyliyin möhkəmlənməsinə xidmət edib.
Qeyd olunub ki, Zəlimxan Yaqub təkcə Azərbaycanın və Gürcüstanın deyil, bütün türk dünyasının sevilən şairlərindən biri olub, həm də Azərbaycan və Gürcüstan arasında dostluq körpüsünün möhkəmlənməsinə xidmət edən ziyalı kimi tanınıb.
Tədbirdə saz sənətinin tanınmış təmsilçisi Aşıq Nargilə Mehdiyeva və şairə Səadət Buta da çıxış edərək ustad sənətkara həsr olunmuş söz və ifaları ilə mərasimə xüsusi rəng qatıb.
Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov çıxışında bildirdi ki, “Zəlimxan Yaqub tələbə kimi bizim Milli Dövlətimiz Azərbaycana getdi, Milli Dövlətimiz Azərbaycan onu şanlı, şöhrətli Zəlimxan Yaqub kimi bizə bəxş etdi.”
Mərasimin sonunda Zəlimxan Yaqubun poeziyasından seçilmiş nümunələr səsləndirilib, saz ifaçıları onun sözlərinə bəstələnmiş mahnıları ifa ediblər.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
  Geri