Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   “Sevimli şair Zəlimxan Yaqub” adlı virtual sərgi təşkil edilib

“Sevimli şair Zəlimxan Yaqub” adlı virtual sərgi təşkil edilib

 

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı Xalq şairi Zəlimxan Yaqubun doğum günü münasibətilə “Sevimli şair Zəlimxan Yaqub” adlı virtual sərgi təşkil edib.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, virtual sərgidə sənətkarın həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Bədii yaradıcılığa gənc yaşlarından başlayan Zəlimxan Yaqub Azərbaycanın zəngin şeir ənənələrini uğurla davam etdirən şairlərdəndir. O, xalq yaradıcılığından məharətlə bəhrələnərək müasirlərimizin yüksək insani keyfiyyətlərini, ümumbəşəri və milli dəyərləri, tariximizin taleyüklü anlarını özündə əks etdirən əsərlər yaradıb. Şairin rəngarəng mövzulu və dolğun məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq Azərbaycan ədəbiyyatında yeni söz kimi qəbul edilib. Onun qəhrəmanlıq ruhu, vətənpərvərlik hissi, azərbaycançılıq məfkurəsi ilə aşılanmış əsərləri əsl vətəndaşlıq mövqeyi nümayiş etdirərək gənc nəslin tərbiyəsində xüsusi əhəmiyyət kəsb edir.

Şairin əsərləri bir çox dillərə tərcümə olunub və sənətsevərlər tərəfindən rəğbətlə qarşılanıb. Müxtəlif ölkələrdə keçirilən poeziya gecələrində Zəlimxan Yaqub Azərbaycan ədəbiyyatını layiqincə təmsil edib. Onun yaradıcılığının Gürcüstanın ali mükafatı olan “Şərəf” ordeni ilə qiymətləndirilməsi şairin ölkəmizin hüdudlarından kənarda da geniş şöhrət qazanmasının təzahürüdür.

Zəlimxan Yaqubun ictimai fəaliyyəti də səmərəli olub. O, 1995–2005-ci illərdə iki çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. Aşıqlar Birliyinin sədri kimi Zəlimxan Yaqub aşıq sənətinin inkişafında və təbliğində böyük əmək sərf edib. Şairin ədəbi-ictimai fəaliyyəti daim yüksək qiymətləndirilib. O, bir çox mükafatlara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifləri “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb.

 

Bakı, 21 yanvar, AZƏRTAC

 

 

 

 

 

  Geri