“Zəlimxan sevənlər, ailə üzvüləri, dostları Fəxri Xiyabana yığışmışdı. Dostları, hörmətli alimlərimiz ürək sözlərini dedilər, şeirlərini səsləndirdilər. Bir sözlə, atamın ruhunu şad etdilər. Mən onun böyük övladıyam. Onun ata kimi yanımızda olmaması bizə ağırdır. Amma Zəlimxan Yaqub ömrü yaşamış bir atanın oğlu olmaq bütün ağrıları yox edir. Atamın yaşadığı ömür təkcə 70 ilə sığan həyat deyil. Nə qədər saz, musiqi var, şeirləri xalqın yaddaşında yaşayacaq. Zəlimxan Yaqub ölməyib, dünyasını dəyişib. Mən onunla həmişə fəxr etmişəm”.
B. Yaqubov atasını şairin öz misraları ilə yad edib: “İnsan ömrüdür. Hərə bir ömür yaşayır. Həmişə yaddaşımzdadır. Cismanı yoxluğunu hiss edirik. Mənəvi baxımdan yanımızdadır. Onu bu misraları ilə anmaq istərdim.
Nə alim doğuldum, nə də ki, dahi,
Peşiman da deyiləm gələn günümə.
Əliboş aparma ilahi məni,
Doğulan günümdən ölən günümə.
Qeyd edək ki, Zəlimxan Yaqub uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. Türkiyə, Almaniya kimi ölkələrdə müalicə kursu keçib. Hər iki böyrəyi olmayan ictimai xadim ömrünün son illərində dializ qəbul etməklə yaşayıb. O, 2016-cı il yanvarın 9-da dünyasını dəyişib.