Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   "MƏNİ SABAHIMA QOVUŞDUR, ANA!"

 

"MƏNİ SABAHIMA QOVUŞDUR, ANA!

Müəllifindən sonra dünyaya gələn kitab haqqında qeydlərim
 

 
Neçə vaxtdır ki, oxuyuram bu kitabı. Və hər dəfə də əlimi uzadıb yazı stolumun üstündən götürüb oxuduğum bu kitabın hər bir şeiri məni ötən illərə, günlərə çəkib aparır. Sanki bir xatirə körpüsü olur və o körpüdən keçib gedəndə özümü inandırıram ki, mütləq ustadla qarşılaşacam... mütləq onun əlini sıxıb özünəməxsus səsiylə, özünəməxsus baxışıyla mənə yönələn diqqətinin altında əhvalını soruşub şeirlərinizi oxuyuram deyəcəm. O da gülümsəyib sanki bu təbəssümlə razılığını ifadə edəcəkdir...
 
Bax, bu yaşamın içində kitabı mənə bağışlayan dəyərli Musa Nəbioğlunun söylədiyi bir kəlmə qulaqlarımda səslənir. Musa müəllim kitabı mənə verəndə dedi ki, təəssüf ki, özü görə bilmədi bu kitabı.
Mən o təəssüf hissini anlayışla qarşıladım və bir anlıq hətta razılaşdım Musa müəllimlə. Amma tək qalanda, kitabı oxuyanda öz-özümə dedim ki, yox, Musa müəllim yanılırıq ikimiz də. Ustad bu kitabı elə mətbəədən götürəndə görübdü. Çünki onun ruhu bu şeirlərin içərisindədi. Bəlkə də elə bu şeirlərin özü onun ruhudu. Çünki ustad yazır ki:
 
Canımdan qəlbimə bir işıq düşə,
Nur meydan oxuya ulduza, Aya.
Mən də şükür deyəm, şükür oxuyam,
Ulu Yaradanın verdiyi paya.
 
... Doğru əyilməyə, düzlər düz ola,
Həqiqət məhəbbət üzbəüz ola.
Sağlam can, saf ürək, nurlu göz ola,
Baxdıqca baxaydım mən bu dünyaya.
 
Düşünürəm ki, bu misralardan, daha doğrusu, bu misralardan boylanan ruhdan siz Zəlimxan Yaqubu tanıdınız. Çünki bu ovqat, bu ifadə tərzi ancaq ona məxsusdur. Və elə o ovqatla da ustad yenə vurğulayır:
 
Ulu Tanrım, artır mənim dərdimi,
Kərəm kimi yandır, yandır, kül eylə.
Həm alışım, həm tuşum, həm yanım,
Külümü də küləklərə dil eylə.
 
...Çiçəyini, qanqalını dərəndə,
İki gözüm nələr gördü bir anda.
Əsirgəmə, Zəlimxanı görəndə,
Qəmini də, qəhrini də bol eylə.
 
Mən bu şeiri oxuyanda qeyri-ixtiyarı ustadla son söhbətimi xatırladım. Belə ki, həmkarım Fəridə Rəhimli ilə ustadı ziyarətə getmişdik. Söz ağrı-acıdan, dərddən düşəndə Zəlimxan müəllim elə bir səmimiyyətlə dedi ki:
- Əbülfət, əzizim, mən Allahımdan incik deyiləm. O mənə həyatda hər şey verib, hər şeyin dadını-tamını bilirəm. Bircə dərd verməmişdi, onu da verdi ki, dərdin də tamını bilim!
İnanın ki, bu günə kimi o səs, o söz mənim qulaqlarımda səslənir, yaddaşımda yaşayır. Və mən onda şair böyüklüyünü, şair səmimiyyətini üzbəüz duyub, anlayıb, həm də yaşadım. Bax, indi sizə təqdim etdiyim "Məni sabahıma qovuşdur, ana!" şeirlər kitabını da oxuyanda həmin misraların arasından boylanan ruhun sahibi qarşısında bir daha ehtiram əlaməti olaraq baş əydim. Zəlimxan Yaqub Azərbaycan poeziyasında özünü, sözünü təsdiqləyən söz adamı kimi onsuz da heç bir fərdi yanaşmaya, fərdi təqdimata ehtiyacı olmayan bir şairdi. Ona görə də onun mənə təqdim olunan bu kitabını oxuyarkən yeni nəsə yaza biləcəyimə o qədər də əmin olmasam da, amma Zəlimxansevənlərə onun ruhuyla baş-başa qalmasına içimdə bir ehtiyac duydum.
Və bir də bu kitabdakı iki şeir məni fikirlərimi sizinlə bölüşməyə həvəsləndirdi. Onun biri haqqında fikri artıq sizə çatdırdım. İkinci şeir isə belə adlanır: "Məmməd Aslan, Musa Yaqub, Zəlimxan Yaqub". Həmin şeirdə ustad yazır:
 
Üçündə də rus sığalı, əl zərifliyi,
Üçündə də könül eşqi, dil zərifliyi.
Üçündə də qaya səbri, gül zərifliyi -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
 
... Hər üçünün ürəyində ağrı-acı var,
Hər üçünün şeiriyyətdən qızıl tacı var.
Hər üçünə bu torpağın ehtiyacı var -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
 
Sözlərində görünməmiş silah gücü var,
Ruhlarında min sel gücü, min ah gücü var.
Hər birinin ilhamında Allah gücü var -
Məmməd Aslan,
Musa Yaqub,
Zəlimxan Yaqub.
 
Bir parçasını sizə təqdim etdiyim bu şeirdəki reallıqla həm də o reallığın ifadə tərziylə yəqin ki, siz də razılaşarsınız. Və onunla da razılaşarsınız ki, bu gün Məmməd Aslanla Zəlimxan Yaqubun ruhu işğal altında olan Kəlbəcərdə qoşalaşıb aşıq Şəmşirin ruhu qarşısında sözü-sözü calamaqla dağların həsrətini dilə gətirirlər. Zənnimcə, mənim bu yanaşmam elə-belə gəlişi gözəl söz deyil. O, həm də böyük söz adamlarının, böyük ustadların həmişə soyuna, kökünə, torpağına bağlılığının sadəcə bir sözgəlişi dilə gətirilməsidi.
Mən bir məqamı da xatırlatmaq istəyirəm. Bu da ustad Zəlimxan Yaqubun sözə, sözü yaradana verdiyi önəmdi. Hər görüşümüzdə, hər söhbətimizdə onun dilindən eşitdiyim kəlamlardan biri də şairə, şeirə verdiyi dəyər idi. Həmin dəyərin şeir formasındakı ifadəsini bax, burda da görmək olar:
 
Ay ana, yeni bir Zəlimxan yetir,
Səsi tara düşsün, tarda car olsun.
O, elin qəlbini eşidə bilsin,
El onun qəlbindən xəbərdar olsun.
 
... Zəlimxan, dənizdə dalğa var demək,
Dalğası var isə, hava var demək.
Şairin səsində dunya var, demək,
Şairi var olan dünya var olsun!
 
Bax, elə ustadın özünün dediyi kimi, sözü, şairi, ədəbiyyatı olan dünyanın bütün qarmaqarışıq durumuna, qanlı-qadalı, ağrılı-acılı, ehtiyaclı həyatına baxmayaraq, mən sizlərin hər birinə söz ömrü, dözüm və mübarizlik arzu edirəm. İstəyirəm ki, ustadın dediyi kimi, "Dəniz kimi qabarıb çəkilmək, dalğalarla döyüşmək, ləpələrlə pıçıldaşmaq, qayalarla döş-döşə gəlmək, sahillərə yan almaq... bulaq kimi durulub axmaq, su kimi saflaşmaq, ot kimi göyərmək, çəmən kimi yaşıllaşmaq, zirvə kimi dümağ qarla örtülmək, dağların çayı kimi coşub daşmaq... səyyah olub dünyanı gəzmək, ovçu olub çölləri, düzləri dolaşmaq, üzgüçü olub dəryalarda üzmək, rəssam olub rənglərin gözüylə dünyaya baxmaq, heykəltaraş olub daşları insana çevirmək, şair olub Allahın dilində danışmaq..." hər birinizin nəsibi Ustadın da ruhu şad olsun!
 
http://www.adalet.az
  Geri