Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Bolnisidə Xalq şairi Zəlimxan Yaquba həsr olunan "Poeziya Günü" keçirilib

Bolnisidə Xalq şairi Zəlimxan Yaquba həsr olunan "Poeziya Günü" keçirilib

Bolnisidə azərbaycanlıların kompakt yaşadığı Cəfərli kəndində Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun dünyasını dəyişməsinin ikinci ildönümünə həsr olunan Poeziya Günü keçirilib. GAXA-nın Kvemo Kartli bölgə müxbirinin məlumatına görə, tədbirdə Gürcüstanın dövlət və hökumət nümayəndələri, QHT rəhbərləri və Azərbaycandan gələn qonaqlar, şirkət nümayəndələri, jurnalistlər iştirak edib.

Tədbiri açan Bolnisi Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin sədri Əlixan Yəhyaoğlu Zəlimxan Yaqub yaradıcılığı haqqında fikirlərini bildirib. Sonra tədbirin təşkilatçısı, Z.Yaqub yaradıcılığının vurğunu, Cəfərli kənd sakini Xasməmməd Alıoğlu çıxış edərək qonaqları və tədbir iştirakçılarını salamlayaraq Z. Yaqub poeziyasının aspektlərindən danışıb.

Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin Katibi Musa Nəbioğlu isə Xalq şairi Zəlimxan Yaqubla bağlı xatirələrini və onun nəşr olunan kitabları haqqında ətraflı məlumat verib.

Poeziya Günündə Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin birinci müavini Laşa Darsalia Z. Yaqubun gürcü və Azərbaycan xalqları arasında dostluğun inkişaf etdirilməsində böyük xidmətləri olduğunu bildirib.

Z. Yaqubun Poeziya günündə Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyev, Kvemo Kartli bölgə qubernatorunun müavini Zaur Darğallı, “Aqara” qənnadı fabrikinin direktoru Əlixan Əlizadə, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, GAXA.ge saytının rəhbəri Nizami Məmmədzadə, parlamentin keçmiş deputatı Ramiz Bəkirov, şairlərdən Səadət Buta, Fatma Aslan, Abbas Bədəlov və başqaları Xalq şairi Z. Yaqubun Azərbaycan Milli Məclisinin deputatı kimi Azərbaycan və Gürcüstan arasında daim dostluq, qardaşlıq və sülhsevər missiyalarını yerinə yetirərək, həm də vətənpərvər bir qələm sahibi kimi əsərlərində hər iki ölkəni tərənnüm etdiyini bildiriblər.

Tədbirdə Z. Yaqubun iki dəfə Gürcüstanın “Şərəf” ordeninə və iki dəfə Azərbaycanın “Şöhrət” ordeninə layiq görüldüyü bildirilib. Poeziya Günündə həmçinin, Z. Yaqubun anadan olduğu Kəpənəkçi (Kvemo Bolnisi) kəndində gələcəkdə Xalq şairinin Poeziya Evi tikiləcəyi barədə də fikirlər səsləndirilib.

Tədbirdə Borçalı aşıqlarından Aşıq Həvəskar, Aşıq Elşad Əfəndiyev, Aşıq Kamandar Lətifoğlu və başqaları şairin sözlərinə bəstələnən mahnıları ifa ediblər.

Sonda şairin qardaşı, Azərbaycanın İTV kanalının Gürcüstan üzrə xüsusi müxbiri Çingizxan Yaqubov tədbirə qatılan Gürcüstanın dövlət və hökumət adamlarına, bütün Zəlimxansevər iştirakçılara, tədbirdə çıxış edən qonaqlara, şairlərə, Cəfərli kənd sakinlərinə təşəkkürünü bildirib.

Poeziya Günündə Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin müşaviri Ayaz Məmmədov, Bolnisi Meri David Şerazadişvili, Bələdiyyə sədrinin müavini İmran Qasımov və digər ziyalılar, kənd ağsaqqalları, ətraf kəndlərdən gələn azərbaycanlılar iştirak ediblər.

Tədbirdən sonra şairin ikinci ildönümü ilə bağlı ehsan verilib.

www.gaxa.ge

 

 

 

 

  Geri