Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Abdulla Şaiq ocağında Zəlimxan Yaqubun xatirəsi...

Abdulla Şaiq ocağında Zəlimxan Yaqubun xatirəsi...

Mayın 5-də Abdulla Şaiqin Mənzil Muzeyində muzey rəhbərliyinin təşkilatçılığı ilə zəmanəmizin böyük şairlərindən olan, "Şöhrət" və "Şərəf" ordenli, bir sıra mükafatlara, nüfuzlu ödüllərə layiq görülən, Azərbaycan Aşıqlar Birliyinin sabiq sədri, xalq şairi mərhum Zəlimxan Yaqubun xatirəsinə həsr edilən "Ədəbiyyatın bir incisi" adlı tədbir keçirildi.

Xatirə tədbirini Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə açaraq Zəlimxansevərləri salamladı və bildirdi ki, yığıncaqda Aşıqlar Birliyinin təmsilçiləri, bir sıra mənzil və xatirə muzeylərinin nümayəndələri, müxtəlif təşkilatların rəhbərləri iştirak edir. Ülkər xanım qeyd etdi ki, tədbirin keçirildiyi an muzeydə Abdulla Şaiqin, Kamal Talıbzadənin və Zəlimxan Yaqubun ruhları dolaşır. O dedi ki, Zəlimxan Yaqub Abdulla Şaiq ocağı üçün həmişə əziz olub və mərhum akademik Kamal Talıbzadə Zəlimxan şəxsiyyətinə, poeziyasına böyük məhəbbətlə yanaşıb: "Bilirsiniz ki, Zəlimxan Yaqub Abdulla Şaiq ocağına çox doğma idi. Kamal müəllim onu həddindən artıq çox istəyirdi, aralarında çox doğma, isti münasibət vardı. Bu tədbirə Zəlimxansevərlər toplaşıb".

Sonra muzey direktoru tədbiri aparmaq üçün gənc jurnalist Elida Muxayevaya söz verdi. Zəlimxan Yaqub poeziyasını dərindən mənimsəyən gənc aparıcı böyük şairin poeziyasından, onun yaratdığı əbədi incilərdən danışdı.

Qəbirdə yatsam belə

Həmişə həyatdayam...

Z.Yaqub poeziyasının ənginliklərində gəzdirdi Elida xanım qonaqları. Tədbirdə Z.Yaqubla bağlı videoçarx da nümayiş olundu. Tədbirdə səsləndirildi ki, bütün varlığı ilə Azərbaycan ədəbiyyatına, ictimai fikrimizə, dövlətçiliyimizə xidmət edən Z.Yaqub qələmi ilə şərə qarşı mübarizə aparıb və haqqın qalib gələcəyinə inam aşılayıb.

Azərbaycan Aşıqlar Birliyinin katibi, əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu tədbir təşkilatçılarına təşəkkürünü bildirərək qeyd etdi ki, xalq hər zaman öz layiqli oğullarının qədrini bilib. M.Nəbioğlu bildirdi ki, xalq o şəxsiyyətləri yadında saxlayır ki, onlar bunu sağlıqlarında haqq edirlər. Z.Yaqubun əbədiyaşarlığı haqq etdiyini vurğulayan M.Nəbioğlu dedi ki, Allah Zəlimxan Yaquba üç gözəl keyfiyyət bəxş edib. Onlardan biri istedad, biri məsuliyyət, digəri isə zəhmətkeşlikdir. Z.Yaqubun həm xalq, həm də dövlət sevgisi qazandığını qeyd edən M.Nəbioğlu bildirdi ki, elə bir ictimai maraq cəlb edən mövzu yoxdur ki, Z.Yaqub onları poeziyaya çevirməsin. M.Nəbioğlu, həmçinin, onu xatırlatdı ki, Z.Yaqub Qarabağ mövzusunda ən çox şeir yazan, əsər yaradan şairdir, mütəfəkkirdir, söz adamıdır.

Qafqaz İctimai Birliyinin sədri, tanınmış qələm adamı Azadə Taleh Abbasqızı isə çıxışında vurğuladı ki, Zəlimxan Yaqubla mərhum akademik Kamal Talıbzadə arasında çox isti münasibət olub. O qeyd etdi ki, Z.Yaqub insanpərvər, olduqca qiymətli, dövlətə, xalqa, el-obasına bağlı bir şəxsiyyət, dost kimi yaddaşlarda qalıb. O, Z.Yaqubun vəfatından sarsıldığını dedi: "Zəlimxan Yaqubun itkisi mənə çox pis təsir edib. Onu itirərkən elə bildim atamı ikinci dəfə itirdim".

Xatirə gecəsində muzeyin əməkdaşı Sevinc Musazadə şairin "Dünya" şeirini dedi. Abdulla Şaiqin Mənzil Muzeyinin bələdçisi Günel Əsədova isə şairin həyat və yaradıcılığı haqqında geniş bilgi verdi. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi Sənan Mustafayev, 37 saylı musiqi məktəbinin şagirdi Avtandil Vəliyev saz ifası ilə tamaşaçıların könlünü xoş etdilər.

İradə SARIYEVA

 

 

 

  Geri