“Zəlimxan özü var xatirələrdə”
Martın 3-də Heydər Əliyev Sarayında xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş “Zəlimxan özü var xatirələrdə” mövzusunda ədəbi-bədii gecə keçirilib. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirin açılışını edən Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq, xalq şairinin yaradıcılığından danışıb: “Zəlimxan Yaqub öz yaradıcılığı ilə Azərbaycan dilinin və bədii fikrimizin zənginləşməsində böyük rol oynayıb. Şairin rəngarəng mövzulu və dolğun məzmunlu şeirləri poeziyamızın inciləri səviyyəsinə qalxaraq gələcək nəsillər üçün örnək olub. Hər zaman xalqının yanında olmağı bacaran şairə olan millət sevgisi də tükənməz olub. Məhz, bu sevginin göstəricisidir ki, ədib müstəqil Azərbaycanın bir çox fəxri adlarına layiq görülüb. Zəlimxan Yaqub, eyni zamanda türk dünyasının hər yerində sevilir. O, bir çox xarici ölkələrdə keçirilən ədəbi məclislərdə Azərbaycan ədəbiyyatını ləyaqətlə təbliğ edirdi. Son 20-30 ildə Azərbaycan ədəbiyyatında Zəlimxan Yaqub qədər ümumxalq məhəbbəti qazanmış ikinci bir şairin adını çəkmək çətindir. Görkəmli sənətkarın Azərbaycan Aşıqlar Birliyinin sədri kimi aşıq sənətinin inkişafında da çox böyük töhfələri olub.
O, Ümummilli lider Heydər Əliyevə həsr etdiyi “Əbədiyyət dastanı” poemasında Ulu Öndərin böyük xidmətlərini özünün yaradıcılıq məharəti, ürəyinin istisi ilə vəsf edib”.
Gecədə ədibin sağlığında çəkilmiş sənədli filmlərdən fraqmentlər nümayiş etdirilib, qiraət ustaları şairin şeirlərindən və poemalarından parçalar söyləyiblər. Aşıqların, incəsənət ustalarının ifasında şairin sözlərinə yazılmış mahnılar səsləndirilib.
Qeyd edək ki, qonaqlar həmçinin, Zəlimxan Yaqubun kitablarından ibarət sərgi ilə tanış olublar.
Tədbirin videolentinə baxmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz :
https://youtu.be/rtFZHedzd8w