Zəlimxan Yaqubun şeirləri İranın xəttatlıq sərgisində
Mayın 16-da Urmiyada fəaliyyət göstərən “Hövzeyi-hünər” Mədəniyyət Mərkəzinin sərgi salonunda İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin xəttat ustadlarının əsərlərindən ibarət sərgi keçirilib.
Mədəniyyət mərkəzinin təşkil etdiyi sərgidə söz ustadları Firdovsi, Sədi Şirazi, Hafiz, Şəhriyar və başqalarının şeirlərindən parçalar, həmçinin müqəddəs “Qurani-Kərim”in bir sıra ayələri gözəl xətt ilə yazılmış tablolarda nümayiş etdirilib.
Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun da bir neçə şeri İran xəttatları tərəfindən əl ilə yazılıb və sərgiyə çıxarılıb. Onlardan biri şairin aşağıda bir bəndi nümunə göstərilən “Görüş” adlı şeiridir:
Görüş var bir ömrü versən də azdır,
Görüş var getməyə adam can çəkər.
Görüş var fərəhi sığmaz illərə,
Görüş var şadlığı bircə an çəkər.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
|