Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   Tbilisidə “Sözün Zəlimxan zirvəsi” kitabının təqdimatı keçirilib

Tbilisidə “Sözün Zəlimxan zirvəsi” kitabının təqdimatı keçirilib

Martın 13-də Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində jurnalist-tədqiqatçı, Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlunun xalq şairi Zəlimxan Yaqub yaradıcılığına həsr etdiyi “Sözün Zəlimxan zirvəsi” kitabının təqdimat mərasimi keçirilib.

Muzeyin direktoru Leyla Əliyeva Zəlimxan Yaqubun anadan olmasının 65 illik yubileyi münasibətilə Gürcüstanda silsilə tədbirlərin keçirildiyini söyləyib. Xalq şairinə həsr olunmuş kitabın təqdimatı bu tədbirlərdən biridir.

Sonra Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bölməsinin rəhbəri Rafiq Hümmət şairin yaradıcılığından söz açıb, onun əsərlərində Vətənə, xalqa, dövlətə və millətə bağlılığın əsas meyar olduğunu vurğulayıb. Musa Nəbioğlunun bu kitabını şairin 65 illik yubileyinə ən dəyərli töhfə kimi qiymətləndirib.

Qeyd olunub ki, kitabın redaktoru və “Ön söz”ün müəllifi, professor Qəzənfər Paşayevin də vurğuladığı kimi, “Sözün Zəlimxan zirvəsi” əsəri şairin sahilsiz ümmana bənzər yaradıcılıq yoluna işıq tutan tədqiqat işi olmaqla bərabər, Zəlimxan Yaqubun poeziya aləminə uğurlu səyahətdir.

Gürcüstanda yaşayıb-yaradan şair və yazıçıların, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edənlər - Əli Abbas, Nizami Saraçlı, Mahmud Kamaloğlu, “Gürcüstan” qəzetinin baş redaktoru İslam Əliyev, Ramiz Bəkirov, Məmməd Hüseynov, Fərhad Musayev, Nəriman Səmədov və başqaları Zəlimxan Yaqub şəxsiyyətinə və yaradıcılığına böyük məhəbbətlərini ifadə ediblər.

Çıxışlarda “Sözün Zəlimxan zirvəsi” kitabı son illərdə Zəlimxan Yaqub yaradıcılığına həsr olunmuş ən yaxşı tədqiqat əsəri kimi dəyərləndirilib, monoqrafiyanın gələcək tədqiqatçılar üçün də böyük əhəmiyyət daşıdığını vurğulanıb.

Sonda müəllif Musa Nəbioğlu bu kitabın Zəlimxan Yaqub yaradıcılığına həsr olunmuş ilk kitab olmadığı kimi, sonuncu da olmayacağını, bu istiqamətdə tədqiqatlarını davam etdirəcəyini bildirib.

 

Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi 

 

  Geri