GÖZLƏMƏZ
İnnən belə bir vəfasız ovçuyam,
O dağlarda bir ov məni gözləməz.
Yəhər düşüb Qıratımın belindən,
Köhlən məni, cilov məni gözləməz.
Xəyalıma yamac düşüb, yal düşüb,
Çəmən düşüb, çiçək düşüb, bal düşüb.
Dəlidağın ürəyinə xal düşüb,
Kəpəz məni, Murov məni gözləməz.
Görüb vaxtın olmazını, oynunu,
Dağ əyilər, palıd bükər boynunu.
Baharında çiçək açmaz qoynunu,
Payızında qrov məni gözləməz.
Ay Zəlimxan, dərdin çətin dağılar,
Can yandırar bayatılar, ağılar.
Dağlarımı əsir aldı yağılar,
Əsir məni, girov məni gözləməz.
|