BAZAR YOLU
Bir məzar yoludu bu bazar yolu,
Yoxsullar bu yolla ölümə gedir.
Cibi boş, ürəyi dərd ilə dolu,
Alverə getmir ki, zülümə gedir.
İnsandı, onun da nəfsi, tamahı,
İnsandı, onunda iştahası var.
Yerdə arxası yox, göydə pənahı,
Elə yeriyir ki, sanki yası var.
Evinə qayıdır əl boş, üz qara,
Nisgildən, ağrıdan, azardan gəlir.
Könül tikə-tikə, can para-para,
Xortdamış ölüdü, məzardan gəlir.
|