Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   DEYİMLƏR

 

DEYİMLƏR

 

İki ömür verilmir təbiətdə heç kəsə,

Səadətdir bir ömrü şərəflə baş vurmaq.

Daşdan çıxan qığılcım kor eyləyər gözləri,

Ağır olur həyatda baltanı daşa vurmaq!

***

Adam var zəhərə döndərir balı,

Zəhəri bal edən dodaqlar da var.

Otuz beş yaşında el ağsaqqalı,

Altmış yaşında uşaqlar da var!

***

Baxıb ögey kimi, baxıb yad kimi,

Balanın qəlbinə dəyə bilərmi?

Dörd fəsil şairə dörd övlad kimi –

Hansını çox sevir, deyə bilərmi?!

***

Gəlhagəl çağıdı bu yerdə yazın,

Gəlin, şeirinizi bu yerdə yazın.

Eşqi dərinlərə qəlbində yer var,

Yaman qənimidir bu yer dayazın.

***

Şimşək çaxdı, dolu döydü qorxmadım,

Baxışların buludundan qorxuram.

İnsaf elə nəğmələrin susmasın,

Dodaqların sükutundan qorxuram.

***

Sevirəm güllərin təbiətini,

Gülün qismətinə bağça, bağ düşüb.

Tikanın bəxtinə çəpərə dönmək,

Qonşunu qonşudan ayırmaq düşüb.

 

 

 

  Geri