BÖYÜK ŞAİRLƏR
Böyük şairlərin isti nəfəsi,
Ürəyi isidir, qəlbi dindirir.
İlhamın tufanı, nəğmənin səsi,
Dünyanı bir az da genişləndirir.
Duyğusu barışmaz boyatla, çiylə,
Nə dayazlıq sevər, nə haray-həşir.
Böyük şairlərin hər kəlməsiylə,
Xalq kamla dolur, el müdrikləşir.
İlhamdı, şeirdi sərvəti, varı,
Söykənir saf eşqə, təmiz niyyətə.
Beşikdən məzara getmir yolları,
Beşikdən yol alır əbədiyyəti!
Canında ağrı var, qəlbində dağ var,
Bəşərə vurulan yaralar qədər.
Onlara qismətdi əzab, intizar,
Onların payıdı ən böyük kədər.
Başa qar yağdırır çəkilən fikir,
Çoxaldır ürəyə düşən xalları.
Dünyanın ən ağır dərdini çəkir,
Dünyanın ən böyük ağsaqqalları!
İnamı dağları dağıdar, deşər,
Sevgisi, nifrəti tükənən deyil!
Böyük şairlərə dərd verib bəşər,
Çiynindən dərd adlı yük enən deyil!
|