NATƏVANA
Çıxdım Qarabağın axşam seyrinə,
Axdı ürəyimə qəzəllər mənim.
Natəvan şeirini oxudum yenə,
Yığıldı başıma gözəllər mənim!
Gör nələr yaradıb xəzinəyə bax,
Şairə nənələr, aşıq nənələr.
Mənim keçmişimə nurlu bir çıraq,
Mənim sabahıma işıq nənələr!
Gözəli saxlamır bir gözəl kimi,
Cavanı qarıya döndərir zaman.
Tökür ayaqlara bir xəzəl kimi
Yaşılı sarıya döndərir zaman.
Təkcə sənətkarın ötür yanından,
Bulaqdı, gözünü doldura bilmir.
Əlləşir qasırğa, vuruşur tufan,
Bircə çiçəyini soldura bilmir.
Təbiət ağladıb güldürə bilər,
Onu dilə tutub yatıra bilməz.
Şairin oğlunu öldürə bilər,
Şeirinin səsini batıra bilməz!
Zamanın gözündə qalxır, ucalır,
Qəlbini xalq üçün dindirir şair.
Taleyin pisliyi özünə qalır,
Dərdi də hörmətə mindirir şair.
Oğul deyə-deyə alışıb canı,
Yanğısı ellərin dodağındadır.
Söhbəti dolaşır Azərbaycanı
Məzarı Ağdamın qucağındadır!
|