BORC
Nə qədər borcum var gül-çiçəklərə,
Nə qədər borcum var kəpənəklərə.
Gördüm qara şumda qaradan qara,
Nə qədər borcum var qarışqalara.
Arı zəhmətinə borcum var mənim,
Borcum var yaşıla, ağa, sarıya.
Borcum var çəməndə uçan arıya.
Borcum var göylərdə süzən quşlara,
Borcum var göylərə vurulmuşlara.
Borcum var ulduza, Aya, Günəşə,
Közə, qığılcıma, oda, atəşə.
Borcum var torpağın hər qarışına,
Barlı payızına, qarlı qışına.
Borcum var saata, zamana, vaxta,
Ruziyə, qismətə, taleyə, baxta.
Borcum var havaya, çörəyə, suya,
Məni mən eləyən hissə, duyğuya.
Həm yerə borcluyam, həm göyə borclu,
Hər şeyə, hər şeyə, hər şeyə borclu.
Təpədən-dırnağa xərc içindəyəm,
Təpədən-dırnağa borc içindəyəm.
Bir canam həyatda min cana borclu,
Həyata, dünyaya, cahana borclu.
|