SƏN DEMƏ
Yüyürürəm arxasından,
Sallanıram çuxasından,
Yapışıram yaxasından,
Zamanı saxlamaq olmur,
Vaxt axar suymuş, sən demə!
Göz açmağa aman verməz,
Addımbaşı ağrı-azar.
İki daşın arasında,
Yazdığını fələk yazar.
Baha alar, ucuz satar,
Öz başına dəysin bazar.
Aç gözünü, yum gözünü,
Bu gün beşik, sabah məzar.
Gördüm illər əldən çıxıb,
Ömür yuxuymuş, sən demə!
Ömür birlə yüz arası,
Qayğı dağla düz arası.
Ortada bir oğlan durar,
Eşq oğlanla qız arası.
Qızılgüllər solub getdi,
Bir də çətin qızarası.
Zaman mənə yığış deyir,
Göz də vurur sözarası.
Nə yatdım, nə yuxu görəm,
Yaşamaq buymuş, sən demə!
|