Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   NOLAYDI, SƏN MƏNİ BAŞA DÜŞƏYDİN

 

NOLAYDI, SƏN MƏNİ

BAŞA DÜŞƏYDİN

 

Yenə hisslərimin kövrək çağıdı,

Düşüncəm qəlbimlə qəm ortağıdı.

Var olan dünyada mən də varammı?

Bədbəxt bir kəsəmmi, bəxtiyarammı?

Həyatdan, ömürdən tələbim nədir?

Belə yaşamaqda mətləbim nədir?

Cavab gəzməyəndə bu suallara,

Ruhuma toxundun, qəlbimə dəydin...

Nolaydı, sən məni başa düşəydin!?

 

Dünyada insanı duymaqdan böyük,

Gözəllik, səadət tanımıram mən.

İnsanda insana hörmətdən böyük,

Bir qayda, bir adət tanımıram mən.

Niyə təmizliyə allahım dedim?

Niyə gözəlliyə pənahım edim?

Kim mənə neməttək verdi bunları?

Niyə əzizlədim bu qanunları?

Fikrin yan keçəndə bu duyğulardan

Böyük vüqarımı sındırdın, əydin,

Nolaydı, sən məni başa düşəydin!?

 

Bəlkə də çatdım çox arzulara,

Ürəkdə nisgilin azı qalardı.

Ruhumun üstündə köklənə bilsən,

Dünyam bu dünyadan razı qalardı.

Nə dərdim olardı ömür yolunda

Payıma düşsəydi bu qismət mənim.

Yüz deyil, bəlkə də min yaşayardım

Eşqimi qırmazdı bu həsrət mənim.

Elə yüksələrdim, o yüksəkliyə

Yetişə bilməzdi nə tanrı, nə din,

Nolaydı, sən məni başa düşəydin!? 

 

Baş vurdum həmişə ucalıqlara,

Göz nura can atdı, ürək saflığa.

Axar çaya baxdım, qaynar bulağa

Könül vurğun oldu bu şəffaflığa.

Elə durulmuşam tufan qopsa da,

Bu saflıq, duruluq bulanan deyil.

Xeyir Günəş kimi başım üstədir,

Şər gəlib dövrəmdə dolanan deyil.

Yel olub yanımdan keçə bilmədi

Nə qeybət, nə həsəd, nə nifrət, nə kin,

Nolaydı, sən məni başa düşəydin!? 

 

  Geri