Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   DÜNYADI

 


 

DÜNYADI

 

Qayğısı var, əzabı var,

Öz haqqı, öz hesabı var.

Oxunmamış kitabı var,

Sirli-soraqlı dünyadı.

 

Qalaları qədim, ulu,

Sandıqları sirlə dolu.

Sona çatan deyil yolu,

Min bir bucaqlı dünyadı.

 

Hər babanın nəvəsi var,

Hər gedənin əvəzi var,

Yaratmağa həvəsi var,

Oğul-uşaqlı dünyadı.

 

“Bir atı var Alapaça”,

Güclü cavan, aqil qoca.

Yerdən dərin, göydən uca,

Köklü-budaqlı dünyadı.

 

Məhəbbəti qışlı, yazlı,

Gah dərinli, gah dayazlı,

Buz baxışlı, sərt ayazlı,

İsti bucaqlı dünyadı.

 

Göy yamaclı, qızıl yallı,

Ağ çiçəkli, qara xallı.

Köhlən atlı, gümüş nallı,

Yaşıl yaylaqlı dünyadı.

 

Dağ uçurar, qaya çapar,

Gözə girər, gözdən sapar.

Gah itirər, gah da tapar,

Əli çıraqlı dünyadı.

 

Soraq apar çağdan-çağa,

Çıx zirvəyə, boyalan dağa.

Dəyər min il yaşamağa,

Dünya maraqlı dünyadı. 

 

 

  Geri