Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   KİŞİ (Məhəmməd Əmin Rəsulzadənin məzarı başında düşüncələr )

 

KİŞİ

Məhəmməd Əmin Rəsulzadənin

 məzarı başında düşüncələr

 

Yetmiş illik ayrılıq axır ki, çatdı sona,

Salam! Rəsul övladı Məhəmməd Əmin kişi!

Yordum uzaq yolları, səsinlə, sorağınla,

Qırdım axır belini həsrətin, qəmin, kişi!

 

Məzarına baxanın kirpiyində nəm gördüm,

Ağ mərmərin üzündə qara donlu qəm gördüm.

Sənin kimi yarımaz bir qisməti kəm gördüm,

Acıdım taleyinə min bəxti kəmin, kişi!

 

Sağ olsun məzarını ağ mərmərə tutanlar,

Dilindəki sözləri seçib zərə tutanlar.

Qoy tarixdən utansın səni şərə tutanlar,

Yaman getdi əlindən fürsətin, çəmin, kişi!

 

Tanrı səni yaratdı, bir də çətin yarada,

Sən qurtuluş istədin, qanlar axdı arada.

Beşiyin Bakıdadır, məzarın Ankarada,

Sənin Vətəndən özgə kimin var, kimin, kişi!

 

Nələr çəkib başımız, dərdimizdən halıydın,

Yaralı bir nəğmənin unudulmaz xalıydın.

Sən də bizim torpağın Mustafa Kamalıydın,

Heyif! Sümbül tutmamış biçildi zəmin, kişi!

 

Sizdən sonra gələnlər qara yeltək əsdilər,

Bizi bizdən almağa coşdular, tələsdilər.

Məğrur saraylar yapan düz əlləri kəsdilər,

Daşı düz qoyulmadı özülün, himin, kişi!

 

Ana öz övaldını qoymaz gözündən yana,

Vətənin ölməz oğlu, gedək Azərbaycana,

Millət “İstiqlal!” – deyə yenidən gəlir cana,

Özün çal havasını köklənən simin, kişi!

 

Kəsilməz xalqın kökü, dərindədir, dərində,

Zaman çəkib oturdar hər kəsi öz yerində.

İllər gəlib keçsə də sən xalqın nəzərində

Yenə həmin oğulsan, yenə də həmin kişi!

Bu böyük həqiqətə əmin ol, əmin, kişi!

Salam! Rəsul övladı, Məhəmməd Əmin kişi!!!

 

 

 

  Geri