MƏNİM YAZIQ QƏLƏMİM
Nə millət vəkiliydim, nə vəzifə sahibi,
Mən fikir əzabkeşi, mən qələm adamıyam.
Naşıların əlində oyuncağa çevrilən
Bəxtiqara millətin bəxti kəm adamıyam.
Sabahım dumanlıdı, bu günüm səksəkəli,
Boylandığım yollara çiskin enir, çən düşür.
Gələcəyin önündə gözlərimiz kölgəli,
Güvəndiyim qələmdi, o da gözümdən düşür!
Bu nə cür qələmdi ki, Laçın əldən gedəndə,
İldırıma çevrilib alışmadı, sönmədi.
Qırılanda Xocalı, veriləndə Kəlbəcər,
Yağıların başında şimşəklərə dönmədi!
Dəlidağ özü boyda qəmli heykələ döndü,
Dağ verdik, qaya verdik, tala verdik düşmənə.
Sümüyü sızıldadı məzarda Pənah xanın,
Şuşa kimi alınmaz qala verdik düşmənə.
Mərmilər şığıyanda, tanklar, toplar dinəndə,
Yandırır yeri-göyü, dağ bilmir, dərə bilmir.
Dağlar qana boyanıb, qayalar diksinəndə
Min qələm bir güllənin yerini verə bilmir.
Yalan sözdü qələmin süngüyə çevrilməsi,
Qələm ancaq qələmdi, süngü, avtomat deyil .
Çörəkdən çox millətə silah gərək olarmış,
Sözə arxayın olub yatmaq bir həyat deyil!
Sənə yazığım gəlir, mənim yazıq qələmim,
Söz yerinə torpağa silah əkə bilmədin.
Ələsgərin qəbrini dağıtdılar, ağladın,
Vaqifin məzarına keşik çəkə bilmədin.
İyirminci yüz ilin ağır gəldi axırı,
Şəhid qanına batmaq sənin payına düşdü.
Sənin vaxtına düşdü ağrıların ağırı,
Dərdi baş-başa çatmaq sənin payına düşdü.
Sənin payına düşdü qara bəxt, qara yazı,
Şəhidlərin məzarı qazıldıqca qazıldı.
Mürəkkəbin qurudu qızıl qanı görəndə,
Yazdıqların nə varsa, göz yaşıyla yazıldı.
Yaralı şairiyəm yaralanmış torpağın,
Sevincim ömrü gödək, kədərim-qəmin yazıq.
Gülüş yoxsa gözündə bu gün Azərbaycanın,
Yazılan kitablarım, yazan qələmim yazıq!
|