Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ŞAİR, BU GÜN ŞEİRİNİ EVDƏ YOX, SƏNGƏRDƏ YAZ

 

 

ŞAİR, BU GÜN ŞEİRİNİ

EVDƏ YOX, SƏNGƏRDƏ YAZ

 

Yapılan cinayətin çək üzünə şilləni,

Qurulan xəyanətin vur gözünə gülləni.

Şax yeri, inamla aş hər bələni, pilləni.

Sellər kimi üstünə axıb gələn dərdə yaz,

Şair, bu gün şeirini evdə yox, səngərdə yaz!

 

Ağlamaqdan kar aşmaz, sil gözlərin nəmini,

Döndər, sevincə öndər anaların qəmini.

İtilə qılıncını, ovxarla qələmini.

Hər kəsin öz payı var, namərdə yaz, mərdə yaz,

Şair, bu gün şeirini evdə yox, səngərdə yaz!

 

Vaxtında anlasaydıq nədir xeyir-şərimiz,

Yerin bir tərəfini əyərdi ləngərimiz.

Qoy qarışsın torpağa, axsın alın tərimiz.

Bacardığın nə varsa, xeyirdə yaz, şərdə yaz,

Şair, bu gün şeirini evdə yox, səngərdə yaz!

 

Dədəmiz Qorqud kimi el dərdinə ozan ol,

Bu günün kitabını öz əlinlə yazan ol.

Yorulan bir əsgərin səngərini qazan ol.

Həyəcanda, təlaşda, zəhmətdə yaz, tərdə yaz,

Şair, bu gün şeirini evdə yox, səngərdə yaz!

 

Nurlu dan yeri kimi nurlanan rəngin olsun,

Döyüşlər meydanında basılmaz cəngin olsun.

Sözün qoy uzaq  vuran topun, tüfəngin olsun,

Ən coşqun bir duyğuda, ən ağır ləngərdə yaz,

Şair, bu gün şeirini evdə yox, səngərdə yaz!

 

Yaraşdı, yaraşmadı taleyinə, yaşına,

Allah, nələr gəlmədi bu millətin başına.

Bu tarixi həkk elə zamanın yaddaşına,

Hər sözü qızıla tut, hər misranı zərdə yaz,

Şair, bu gün şeirini evdə yox, səngərdə yaz! 

 

 

 

  Geri