Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ŞƏHİD RUHU

 

 

ŞƏHİD RUHU

 

Ulu Tanrı! Bu qədər aman olmaz, ah olmaz,

Ulu Tanrı! Bu qədər dərd ürəkdə şah olmaz.

Allahsız insaf olmaz, insafsız Allah olmaz,

Yana-yana tükəndik piltənin yağı kimi!

 

Güllərin yanağına yaş yayılıb nəm düşüb,

Ellərin ürəyinə dağlar boyda qəm düşüb.

Millətin qismətinə beş ildi matəm düşüb,

Bir-bir uralanırıq bostanın tağı kimi!

 

Çiçəyi bar tutmamış sökülən tağlar görüb,

Ən çətin imtahanlar, ən qəmli çağlar görüb.

Mənim xalqım nə qədər düyünlər, dağlar görüb,

Dağ yoxdu bu dünyaya sinəmin dağı kimi!

 

Əyir həsrətin yükü əyilməyən başları,

Fəryad külə döndərir qayaları, daşları.

Atasız körpələrin gözdən axan yaşları,

İçimizi göynədir içilən ağı kimi!

 

Ər tək meydana çıxmır, gizlənir, qaçaq gəlir,

Dırnağında avtomat, dişində bıçaq gəlir.

Torpağıma göz tikən nə qədər alçaq gəlir,

Şər yeriyir üstümə qaniçən yağı kimi!

 

Tapdananda mənliyim dağım düzə çevrilir,

Alışanda varlığım odum közə çevrilir.

Titrəyəndə ürəyim dərdim sözə çevrilir,

Yandırır dodağımı bayatı, ağı kimi!

 

Kimlər yasa döndərib toyları, düyünləri,

Kimlərdi eşitməyən harayları, ünləri.

Şəhid ruhu! Özün yaz bu dəhşətli günləri,

Qəhrəman bir millətin oyanmış çağı kimi!

 

Namərd düşmən gülləsi keçsə də sağ-solundan,

Haqq yolunda vuruşan dönməz haqqın yolundan.

Şəhid ruhu! Özün tut yıxılanın qolundan,

Qaldır Azərbaycanın ən məğrur dağı kimi!

 

Şəhid ruhu! Sən bizi əsgər elə, ər elə,

Ovxarla duyğumuzu, təzə saxla, tər elə.

Çağır müqəddəsiylə xalqı səfərbər elə,

Dalğalan başım üstə haqqın bayrağı kimi!

 

 

  Geri