Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   HARAY

 

 

HARAY

 

Oyan, nə yatmısan Koroğlu babam,

Ustadım, sərkərim, ozanım haray!

Tüfəng çıxan günü mərdlik gedəndə,

Düşdü bağçamıza xəzanım haray!

 

Hanı Dəmirçioğlu, hanı Xan Eyvaz,

Dur, yeni tarixi öz əlinlə yaz.

Bir əlində qılınc, bir əlində saz,

Döyüş mahnıları yazanım haray!

 

Göylərin günəşi saralan günü,

İgidin meydanı daralan günü.

Millətin yığvalı qaralan günü,

Köhnə dəmir kimi qızanım haray!

 

Bu gün qan gölüdü hər tərəfimiz,

Bu gün qorxudadı şan-şərəfimiz.

Yuxuda gördüm ki, batır səfimiz,

Hardasan, yuxular yozanım haray! 

 

Qarış təpərimə, həyəcanıma,

Qorxunu, hürkünü qoyma yanıma. 

Ana südü kimi keçib qanıma,

Qan kimi damara sızanım haray!

 

Azaddı, məhkumdu, dardadı gəlsin,

Başı borandadı, qardadı, gəlsin.

Hardadı,

            hardadı,

                        hardadı gəlsin,

Öz vaxtım, öz günüm, öz anım haray!   

 

 

 

  Geri