Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   NƏ XEYRİ

 

NƏ XEYRİ

 

Yaxına gəl, nəfəsinlə qızınım,

Gen dolanıb, yan durmağın nə xeyri.

Mən ətəkdə, sən dağların başında,

Ulduzların andırmağın nə xeyri.

 

Bir yuvanın həsrətiylə quş olub,

Birdən-birə bir sevdaya tuş olub.

Od olanı qar-boranlı qış olub,

Buz yerinə dondurmağın nə xeyri.

 

Dilsiz qalan duyğularla dil tapım,

İnci gəzim, gövhər tapım, ləl tapım.

Gecə yandır, qaranlığa yol tapım,

Şamı gündüz yandırmağın nə xeyri.

 

Qartalsanmı, zirvələrə qonasan,

Qayasanmı, dağ döşündə donasan.

Zalım, sən ki, bir yaşılbaş sonasan,

Kövrək qəlbi sındırmağın nə xeyri.

 

Yad əlləri məni yüz ağa,

Kar eləmə ruhumdakı sazağa.

Nəfəsim ol, getmə məndən uzağa,

Nəfəs getsə, can durmağın nə xeyri.

 

Bir ömürdə bir həyat var, bir ölüm,

Sirr sevilmək, sirr yaşamaq, sirr ölüm.

Heç olmasa gəl yuxuma gir, ölüm,

Mən öləndə sən durmağın nə xeyri.

 

 

 

 

 

 

 

 

  Geri