QOCASAN DEMƏ
Sevgilim, anama qocasan demə,
Gəl, onun eşqinə, gəl, işinə bax!
Kövrələn qəlbindən süzülüb gələn
Şirin nəğmələrin gəlişinə bax!
Uzansın daha da ömrünün yolu,
Demə ki, incəlib, üzülməsi var.
Sən xallı-xalçalı bir otaqdasan,
Onun hər naxışında yüz ilməsi var!
Gülsə, doxsan ilin dodağı qaçar,
Ağlasa, dünyanın çatılar qaşı.
Havalı gəzsən də, havasına yat,
Yanından keçəndə bir az yavaşı.
Sənə o qədər də asan gəlməsin,
Rənginin, saçının dümağ olması.
Burula-burula ipə dönənin,
Bükülə-bükülə yumaq olması!
O bütün güllərdən əzizdir mənə,
Ətri min çəmənin ətrinə dəyər.
Qara tellərinlə çox da öyünmə,
Ağaran tellərin xətrinə dəyər!
|