FACİƏSİDİ
Qocaman palıdlar çox gözəl bilir,
Hər şimşək bir dağın faciəsidi.
Açılmaz çiçəyi, ballanmaz barı,
Qırılmaq budağın faciəsidi.
Durmaz qabağında tufanın yelin,
Ağzında yem olar hər daşqın selin.
Şil olmaq adamın, qul olmaq elin,
Kül olmaq ocağın faciəsidi.
Fəlakət istər ki, asdıra, asa,
Boyu görünənin başından basa.
Qara gün ağ günün döndərər yasa,
Hər qara bir ağın faciəsidi.
Havalar soyuqdur, aralar sərin,
Güllələr qansızdı, yaralar dərin.
Qandal ayaqların, buxov əllərin,
Qıfıllar dodağın faciəsidi.
Birinin yerində beşi yoxdusa,
Gülləyə verməyə döşü yoxdusa,
Yolunda ölməyə kişi yoxdusa,
Vətənin, torpağın faciəsidi!
|