GÖZƏLLƏR
Mən gəzən yerləri gündoğan bilə,
Hərdən mənə sarı baxa gözəllər.
Sərinlik gətirə yanan könlümə,
Çeşmətək süzülə, axa gözəllər.
Dünya gözəlləşir o gəzəndə şən,
Kədərindən yağır saçlarıma dən.
Nə qədər ürəyə dağ çəkib görən
Ürəyi kağızdan yuxa gözəllər.
Bağbandı, yetirər bağçasına bar,
Yanağında çiçək, sinəsində nar.
Bir kəlmə “hə” desə dünya dağılar,
Yaman həvəskardı “yox”a gözəllər.
Qəlbində nə kədər, nə də ah ola,
Baxışı amansız bir silah ola.
Sinəm hədəf ola, nişangah ola,
Tuta kirpiyiylə oxa gözəllər.
Zəlimxan, ovsundu hər qız, hər gəlin,
Onsuz nə qiyməti gövhərin, ləlin.
Elə əlləşəsən, çatmaya əlin,
Səni həsrətiylə sıxa gözəllər.
|