ŞUŞADA OXUNAN ŞEİR
Babam qurdu qalasını,
Nişan qoydu sabahına.
Neçə nəsil pənahlandı
Pənah xanın pənahına!
Qanı qarışdı tərinə,
Eşqi kök atdı dərinə.
Dağlar döndü səngərinə
Daşlar döndü silahına!
Kimlər bəzədi kaşımı,
Yeri, göyün nəqqaşımı?
Mən vermərəm bir daşımı
Dünyanın yüz mətahına!
Vurulmasam naxışına,
Həm yazına, həm qışına
Qarşı gəlim qarğışına,
Urcah olum mən ahına!
İşıqlandı ömrü nurda,
Heykəl oldu Vaqif burda,
Bağlanmasa kim bu yurda
Batar elin günahına!
Şir bəslədi hər daş kaha,
Baş əymədi xalqım şaha.
Hər kim düşsə bu iştaha
Şiş batırsın tamahına!
Meydan sular bir imansız,
Dişi qanlı, özü qansız,
Get tapşırdım, ey Allahsız,
Mən səni öz Allahıma!
|