Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   YAŞAMIŞAM

 

 

 

YAŞAMIŞAM

 

 

Mənə gənc şair demə, çoxdan ötüb gəncliyim,

Heç olmayıb həyatda rahatlığım, dincliyim.

Şeirsiz keçən günüm varlığımda heçliyim,

Şeirimlə bahar ömrü, qış ömrü yaşamışam!

 

Boy vermiş ağac oldum, budaqlarım budandı,

Varlığıma göz yumub o gizlədi, bu dandı.

Mənim bu dərya səbrim dağ boyda dərd udandı,

Dərdimə dözə-dözə daş ömrü yaşamışam!    

 

Talan olmuş bostanın uraları məndədir,

Dağ-dağ olmuş dağların sıraları məndədir. 

Tarixin sağalmayan yaraları məndədir,

Mən bir ömrün içində beş ömrü yaşamışam!

 

İnadımla daşları yumşaldıb mum elədim,

Fikrimi, düşüncəmi sağlam toxum elədim.

Ağappaq varaqları qapqara şum elədim,

Mən əkinçi taleyi, xış ömrü yaşamışam!

 

Bəzən vaxtım boş keçib, ömrü hədər vermişəm,

Bəzən gül dodaqlara şən nəğmələr vermişəm.

Məndən sevinc umana həsrət, kədər vermişəm

Bir gözəl yanağında yaş ömrü yaşamışam!

 

Dözdüyümə dözəmməz dözüm dərsi keçənlər,

Bu sınaq yollarını keçən fildi, keçən nər.

Məni hərdən çaşdırır bu dumanlar, bu çənlər,

Düz getmək əvəzinə çaş ömrü yaşamışam!

 

Məni ömrün yolunda çox ölümlər haqladı

Nə əqidəm sarsıdı, nə inamım laxladı.

Çətin gündə qollarım torpağı qucaqladı

Ayaqda sürünmədim baş ömrü yaşamışam!

 

 

 

  Geri