Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   MƏNİM DƏRDİM

 

 

MƏNİM DƏRDİM

 

Demə sənin nə dərdin var,

Dərdli dilim – mənim dərdim.

Əlimdən əliboş gedən

Ayım, ilim – mənim dərdim.

 

Yox Babəkim, yox Qorqudum,

Çalınmaz qopuzum, udum.

Yurd yerində sönən odum –

Qalan gülüm – mənim dərdim.

 

Loğman aciz, yara dərin,

Gözüm ağlar sərin – sərin.

Tağı çökmüş Xudafərin,

Sınan belim – mənim dərdim.

 

Həsrət gördü, boyun bükdü,

Bu Təbrizdi, o Kərkükdü.

Bir daşınmaz ağır yükdü

Daşan selim – mənim dərdim.

 

Gedəmmirəm yasa, toya,

Tarix buna nə ad qoya.

Mərəndə, Zərcana, Xoya

Çatmaz əlim – mənim dərdim.

 

Öz evinə qonaq düşən,

Yüz yerinə yamaq düşən,

Yaxın olub uzaq düşən

Obam, elim – mənim dərdim.

 

Çənlibelim, çeşməm, çayım,

Unudulan haqqı-sayım,

Kəsilən nərəm, harayım,

Susan dəlim – mənim dərdim.

 

Saçım ağdı, bəxtim qara,

Tapdaq oldum hər çapara.

Torpaq kimi para-para

Bölüm-bölüm – mənim dərdim.

 

Qəlbim sinəmdə yasdadı,

Qılıncım qında pasdadı.

Ümidim yenə dostadı

Ümid yolu – mənim dərdim.

 

Daha bəsdir, könlüm, ayıl,

Səsin gəlsin, seçil, sayıl.

Yaralanmış şah İsmayıl,

Sultan Səlim – mənim dərdim.

 

Mən piyada, kədər atlı,

Mən qanadsız, o qanadlı.

Müşfiq, Cəfər, Vurğun adlı

Vaxtsız ölüm – mənim dərdim. 

 

Saydığını saydı həyat,

Arzularım oldu boyat.

Bax belə gün, belə saat,

Belə zülüm – mənim dərdim.

 

 

  Geri