Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   SİZİ QINAMIRAM (poema)

 

 

SİZİ QINAMIRAM

 

Bu əsəri mənə Xocalı dərdi,

Şuşa əzabı, Laçın ağrıları yazdırıb.

 

Sizi qınamıram ay Xocalılar,

Sizin başınızda şimşək oynadı.

Sizin başınızda dumanlar oldu,

Millətin dağ boyda fəlakətinə,

Gözünün ucuyla dönüb baxmayan,

Nazlanıb gözünü yumanlar oldu!

 

Mən qurban görmüşdüm qoçdan, quzudan,

Mən qurban görmüşdüm qoyun qurbanı.

Bir belə milləti, bir belə xalqı,

Gör kimlər elədi oyun qurbanı.

Ay Laçın! Yaralı canına qurban,

Ay Şuşa! Ağlama boyuna qurbanı!

 

Namussuz olanın nə vecinədir,

Harda namus gedir, harda ar gedir.

Hələ tapammırıq oyunçuları,

Ortada şıdırğı bir qumar gedir.

 

Laçın qayıtmasa Laçınlığına,

Şuşa qayıtmasa Şuşalığına,

Min dəfə şübhəm var, tərəddüdüm var

Bugünkü bəylərin bəy olmağına!

Bu gün paşaların paşalığına!

 

Vaxtında yumasaq günahımızı,

Goru çatlayacaq babalarımın,

Sultan bəy Laçından baş qaldıracaq!

Pənah xan Şuşanın qalası boyda,

Bizim başımıza yağdırmaq üçün

Qaya uçuracaq, daş qaldıracaq!

Yerin ağırlığı, göyün ləngəri,

Sıxıb xıncım-xıncım əzəcək bizi.

Çox əllər tutacaq çox yaxalardan,

Ruhlar addım-addım gəzəcək bizi!

Ruhlar deməyəcək günah kimdədi,

Həkimdə, şairdə, ya həkimdədi.

Ruhlar deyəcək ki, düşünəcək ki,

Dünyanın düz vaxtı bu yer üzündə

Xocalı adlanan qırğın olubsa,

Bir nəsli qırıbsa oğul-uşaqlı,

Qıranlar özünə vurğun olubsa,

Cavanlar yollarda pələsəng olub,

Qocalar çöllərdə yorğun olubsa,

Tək bircə nəfərin bu xalq içində,

İsməti, namusu ləkələnibsə,

Bir Vətən övladı, bir Vətən qızı,

Ağrılar əlində yeddi qat olub,

Düşmən sevincindən yekələnibsə,

Məğrur bir dədəni kimsəsiz görüb,

Bir gədə üstünə kəkələnibsə,

Belə bir Vətənin vətəndaşları,

Yersizdi üstündə yaraq gəzdirə!

Artıqdı başında papaq gəzdirə!

Belə bir torpağın adamlarına,

Yüz dəfə, min dəfə haqlıdı düşmən,

İt kimi yal tökə, yalaq gəzdirə!

 

Allah! Görünməmiş möcüzə göstər,

Qaldır bir anlığa Xanı məzardan.

Diriynən ölünü üz-üzə göstər,

Qurtarsın yatanın canı məzardan.

İxtiyar vaxtında, qoca yaşında,

Qəlyan damağında, papaq başında,

Qoy görsün Şuşası nə günə düşüb!

Ellər tamaşası nə günə düşüb!

"Qırmızı qoftalı, yaşıl tumanlı,

Şuşanın dağları başı dumanlı",

Bu ulu mahnını mənim Xan babam,

Oxumaq istəsə oxuya bilməz!

Ancaq qan qoxuyar onun nəfəsi,

Yəqin ki, gül-çiçək qoxuya bilməz!

Oxumaz, qavalı daşlara çırpar!

Oxumaz, başını daşlara çırpar!

Səni and verirəm qadir Allaha,

Oxuma, ay Qədir, oxuma daha!

Cabbardan ayıbdı, Xandan ayıbdı,

Natəvan ağlayıb göz yaşı tökür,

Şəhəri dağılıb, ondan ayıbdı!

Tanrı soraqlasa, Allah çağırsa,

Səni oxumağa, məni yazmağa,

Sən qavalı tulla, mən də qələmi,

Gedək özümüzə qəbir qazmağa!

Hələ qan axıdır İsa bulağı,

Hələ Cıdır düzü cıdırsız qalıb.

Qayalar nəğməsiz, daşlar laylasız,

Dağlar alaçıqsız, çadırsız qalıb.

İllərdi Qarabağ alışıb yanır,

İllərdi burnunun ucu göynəyir,

Qənirsiz Qarabağ Qədirsiz qalıb!

 

Sizi qınamıram ay şuşalılar!

Sizin taleyiniz, sizin bəxtiniz,

Zamanın səsinə, küyünə düşüb.

Qırx arşın quyunun dibi görünür,

Beş ildi işiniz düyünə düşüb.

Açar əlindədi, qıfıl əlində,

Açmaq istəyənlər açmağa qorxur.

Bilir ki, üstünə dağ yeriyəcək,

Qaçmamağa qorxur, qaçmağa qorxur.

Xocalı dağıldı... istintaq gedir!

Şuşa bir nağıldı... istintaq gedir!

İgidlər oylağı Laçın dağları,

Qanında boğuldu... istintaq gedir!

Təyyarə alışdı göyün üzündə,

Oğullar kül oldu... istintaq gedir!

Hər şey sirrə döndü sandıq içində,

Hər şey müşkül oldu... istintaq gedir!

Bəsdirin,

Bəsdirin,

Bəsdirin daha,

Bir az fikirləşin, bəsdirin daha!

Bəsdir, az danışın ağ yalanları,

Yığmayın dağ üstə dağ yalanları.

Gözü yaxşı görür xalqın, millətin,

Torpaq sata-sata dikəlirsiniz!

Yığmayın dağ üstə dağ yalanları,

Qarabağ bir yağlı quyruğa dönüb,

Torpaq yeyə-yeyə kökəlirsiniz!!!

Əgər belə getsə bizdən ötəri,

Göy göyə çəkilər, yerdə yer olmaz?!

Bir az xatırlayın Allahınızı,

Bir az cilovlayın tamahınızı,

Torpaqla bu qədər sərt alver olmaz!

Elə bu ağılla, elə bu başla,

O boyda Təbrizi bada vermişik!

Keçi qiymətinə, su qiymətinə,

Dərbəndi götürüb yada vermişik!

Bu gün əllərindən torpaq gedirsə,

Sabah gözlərindən yanan nur gedir.

Gözünü yumanda Göyçə mahalı,

Gözünü açanda Zəngəzur gedir!

Ağbaba talanıb, Çəmbərək yanıb,

Qafanımız gedib, Mehrimiz gedib.

Nəcəfin belində qaynar samovar,

Sənətimiz gedib, sehrimiz gedib!

Vaqifə məqbərə tikib Qarabağ,

Məzarı düşmənin tapdağındadı!

Qan düşüb Nəvvabın naxışlarına,

Gözü xilaskarın sorağındadı!

Birdi qaytarsaq da, qaytarmasaq da,

Şuşa əlimizdən gedibsə əgər,

Şuşa qızlarının düşmən əlində,

Bağrını şübhələr didibsə əgər.

Tarixin önündə deməli qardaş,

Aldıq boynumuza nanəcibliyi,

Aldıq boynumuza nakişiliyi.

Sel kimi yeriyib, su kimi axıb,

Nə rus götürəydi, nə çar alaydı.

Allah insaf versin İbrahim xana,

Bu gün ermənilər alan Şuşanı,

Kaş elə o zaman Qacar alaydı!

Dini dinimdəndi, donu donumdan,

İlki ilkimdəndi, sonu sonumdan.

O, bizə nə qədər yüngül olardı,

Bu, bizə nə qədər ağır olubdu.

İgid məmləkətin, məğrur millətin,

Dönüb birdən-birə fağır olubdu.

Məni bağışlasın Xətai babam,

Yandıran özgələr, yanan biz olduq.

Vətən deyə-deyə vətənsizləşib,

Qeyrət deyə-deyə qeyrətsiz olduq!

Biri öz-özünə bəy oldu getdi,

Biri öz-özünə xan oldu getdi.

Yekəlik meydana çıxandan bəri

Millətin qazancı qan oldu getdi!

Çəkdi Çələbi xan Şəkiyə sarı,

Çəkdi Mustafa xan Talışa sarı,

Çəkdi Fətəli xan Qubaya sarı.

Hər bir tərəfə, bir yana baxdı,

Nə günə qoydular bu məmləkəti?

Nə günə saldılar bu torpaqları?!

Evimiz nə zaman yıxıldı babam?

Cavad xan meydanda təklənən günü!

Qızıl xəzinəsi qızıl Gəncəni,

Dəvələr belinə yüklənən günü!

Günahı bizdədi "Türkmənçay"ın,

Günahı bizdədi "Gülüstan"ın da!

Bir yana baxanda hərənin ağzı,

Düşmən nəslimizi boğdu qanında!

Bizim gözümüzün qabağındaca,

Yağılar taladı, çapdı Gəncəni.

Biz ki, kef çəkmişik ağıl ucundan,

Gönü qalınlara, beyni kütlərə,

Tarix yaxşı verir bu əzabları,

Allah yaxşı verir bu işgəncəni!

Yerin bərəkəti çəkilib göyə,

Coşmur Araz indi, daşmır Kür indi.

Dünən xanlıqlara bölünən Vətən,

Xırda bəyliklərə bölünür indi!

 

Sərvəti talanıb əlindən gedən,

Sonası ovlanıb gölündən gedən.

Kəməri açılıb belindən gedən,

Elə bir heç zaman biz olmamışıq!

 

Alovlar içində yanan, qovrulan,

Torpağı kül olub göyə sovrulan,

Yeri tüstülənən, yurdu qıvrılan,

Elə bil heç zaman biz olmamışıq!

 

Qanadı qırılan, qolu bağlanan,

Arandan yaylağa yolu bağlanan,

Dodağı tikilən, dili bağlanan,

Elə bil heç zaman biz olmamışıq!

 

Alanlar yenə də almağındadı,

Satanlar yenə də satmağındadı.

Yenə mürgüdədi mürgü deyənlər,

Yatanlar da yatmağındadı!

 

Bizdə ki, bu qədər biganəlik var,

Bizdə ki, bu qədər divanəlik var,

İlahi, min şükür məsləhətinə,

Nə yaxşı çəkirik nəfəsimizi,

Nə yaxşı çevrilib buz olmamışıq!!!

 

Bəlkə buz olmuşuq, xəbərimiz yox,

Bəlkə də çevrilib buz olmuşuq biz!

Qulağı eşitməz, gözləri görməz,

Daş olub daşlara qoşulmuşuq biz!

Bəlkə meyitlərik bu yer üzündə,

Yerin üstü deyil, yerin altıyıq.

Vətən nə, millət nə, başa düşməyən,

Gərəksiz, quruca boş qaraltıyıq!

 

Kimin ətəyindən tutmağı bilmir,

Kimin əllərini sıxmağı bilmir.

Məqamı gələndə şilləyə dönüb,

Barmağı gözlərə soxmağı bilmir.

Bəlkə də əlimiz əl deyil hələ?!

 

Əvvəli hardadı, sonu hardadı,

Biz tapa bilmirik onu hardadı,

Bəlkə də qolumuz qol deyil hələ?!

Bəlkə də əlimiz əl deyil hələ?!

 

Ən uca xitabət kürsülərinə,

Arzu olunantək yol aça bilmir.

İtir dalğasında farsın, ərəbin,

Dillərin içində dil aça bilmir.

Bəlkə də dilimiz dil deyil hələ?!

 

Nə bilim, bəlkə də adam deyilik,

Biz adam olsaydıq başdan-ayağa,

Vətəndaş olardıq, Vətən olardıq.

Görən göz olardıq, eşidən qulaq,

Yurda baş olardıq, bədən olardıq!

 

Nə bilim, bəlkə də millət deyilik,

Biz millət olsaydıq bəlkə dünyada,

Astar bir olardıq, üz bir olardıq!

Əməl bir olardıq, söz bir olardıq!

Hiyləli dillərlə haçalı dillər,

Ayıra bilməzdi bir-birimizdən,

Bütün keçidlərdə biz bir olardıq!

Məhlə havasından yuxarı qalxar,

Tayfa havasından yuxarı qalxır,

Dilin dediyini əl yaradardı,

Əlin yapdığını dil yaradardı!

Birləşə bilsəydi xalqın qüdrəti,

Qızıldan olardı damı, dirəyi,

Hamı qızıl tapar, ləl yaradardı!

 

Biz dövlət olsaydıq bəlkə dünyada,

İki il üç aylıq dövlətin ömrü,

Bütün ömürlərdən uzun olardı!

Oynada bilməzdi qılıncını şər,

Meydan həqiqətin, düzün olardı!

Biz dövlət olsaydıq qamaşardılar,

Bizi parça-parça qoparmazdılar!

Qızılı, gümüşü, pulu, axçanı,

Apara bildikcə aparmazdılar!

Zaman yaxşı bilir biz, biz olanda,

Erməni kimiydi, gürcü kimiydi.

Tarixdən soruşan, min illər boyu,

Qafqazın qalası, bürcü kimiydi.

Yersizlər çıxanda yer davasına,

Qalanı dandılar, bürcü dandılar!

Haqqı itirdilər, borcu dandılar!

Tarixi fürsəti əldən verməsək,

Mənim mən olmağım danılardımı?

Ağır həqiqətlər, acı xəyallar,

Nifrətlə, qəzəblə anılardımı?

Laçında oğullar tanıyıram mən,

Erməni qarışıq Ermənistanı,

Tutub qayalardan ata bilərdi!

Şuşada oğullar tanıyıram mən,

Nərəsi, harayı Bakıdan ötüb,

Gedib fələklərə çata bilərdi!

Kaş ki, kar olaydım, eşitməyəydim,

İlahi, Laçın da basılardımı?!

Yetimtək dərdini içinə qısıb,

Şuşa bir tərəfə qısılardımı?!

Oğuldan uşağa güllədən keçib,

Xocalı boğazdan asılardımı?!

Heç nə özbaşına olmur dünyada,

Asan arxasında bir asdıran var!

Yerin sinəsini dağ-dağ eyləyib,

Göyün sinəsinə dağ basdıran var!

Arxayın olmasın qan udduranlar,

Qan qusan bilir ki, qan qusduran var!

Bir gün haqqın özü ayağa qalxar,

Nahaqqı əbədi bir susduran var!

 

Sizi qınamıram, ay laçınlılar,

Mənim qınadığım, gileyləndiyim,

Qardaşdan qardaşa biganəlikdir!

Məndən ötdü deyib yana çəkilmək,

Ağıllılıq deyil, divanəlikdir!

Sizi qınayıram ağlı dayazlar,

Sizi qınayıram çənəsi sazlar!

Sizi qınayıram başı pozuqlar,

Sizi qınayıram diri yazıqlar,

Sizi qınayıram canlı meyitlər,

Sizi qınayıram barsız söyüdlər!

Sizi qınayıram qəlbi kirlilər,

Sizi qınayıram boş fikirlilər!

 

Kimi eşşək gəzir hərifləməyə,

Kimi yəhərlənmiş hazır at gəzir.

Şuşa əllərindən gedəsi olsa,

Çoxu kəlləsinə güllə sıxırdı,

Maşallah! Hələ də salamat gəzir!

Tutaq ki, qaytardıq Şuşanı, qardaş,

Talanan namusu, tökülən gözü,

Tapdanan isməti kim qaytaracaq?!

Anadan, bacıdan, qızdan, gəlindən,

Alınan qisməti kim qaytaracaq?!

Doğranan qisməti, donan qıçları,

Kəsilən başları kim qaytaracaq?!

Ana gözlərindən bala köksünə,

Tökülən yaşları kim qaytaracaq?!

Qarabağ davası çıxıb ortadan,

Nə torpaq, nə millət davası gedir.

Meydanda şan-şöhrət davası gedir!

Meydanda pul-rüşvət davası gedir!

Kim kimi aldatdı, kim kimi satdı,

Badalaq, xəyanət davası gedir!

Ayaqda çığnandı ayaqdakılar,

Başda ayazımır başın davası.

Hərə bir katibə eşqinə düşüb,

Vəzifə davası, maşın davası!

Gözüm yox heç kimin vəzifəsində,

Kimin halalıdı, qoy halal olsun!

Kimin haramıdı, qoy haram olsun!

Gərək el yolunda yanan ürəklər,

Doğan Günəş olsun, yanan şam olsun!

Yeri unutmasın göynən gedənlər,

Yerini, yurdunu unudanları,

Tutub bircə-bircə endirəcəklər!

Yəhərdən üzülüb yıxılanları,

Palanın üstünə mindirəcəklər!

Hər kəs öz yerini tanımalıdı,

Xalqın sözü birdi, fikri qətidi.

Qəbul etsəniz də, etməsəniz də,

Yazdığım zamanın həqiqətidi!

Eşidin səsimi aşağılardan,

Haqlı olduğumçün mənə haqq verin.

Gözucu baxmayın sətirlərimə,

Dediyim zamanın həqiqətidi!

Şairin səsini eşitməyən kəs,

Xalqın səsini də eşidə bilməz!!!

 

Yanvar 1993.

 

 

 

 

  Geri