Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   HƏR ÜÇÜMÜZ

 

 

HƏR ÜÇÜMÜZ

 

Ürək məni sizin evə gətirən zaman,

Payız fəsli, xoş havalı bir axşam idi.

Hardan desək toy sözünün üstə gəlirdik,

El-obatək könlümüzdə toy-baram idi.

 

Saat gəlib neçə olub, neçə bilmədik,

Bircə sözdən həyəcansız keçə bilmədik.

Necə gəldi, necə getdi gecə bilmədik,

Bizi belə alışdıran arzu-kam idi.

 

Təbiət də lap olmuşdu şair xəyallı,

Oxşayırdı könlümüzü yaşıllı, allı.

Eşq o anda süzülürdü şəkərli, ballı,

İçən oğul istəyirdi dolu cam idi.

 

Unutmaram o gecəni, o əziz anı,

Ulduz kimi arzuların yox idi sanı.

Hər üçümüz bir istəyə vermişdik canı,

Danışan mən, alışan sən, yanan şam idi. 

 

 

  Geri