Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   QARAYAZIM

 

 

 

QARAYAZIM

 

Geri dönməz ötən günlər,

Yüz yol can at, yeri, yüyür.

Şair yoxdur, gözə dəymir,

Bəlkə küsüb ceyran, cüyür.

Bir talada ocaq çatdım,

Gördüm yenə can üşüyür.

Kimə deyim göynəməsin,

Mən dərdimi hara yazım.

Bu yerlərə şeir deyən,

Vurğun hanı, Qarayazım!

 

Yurd yerini küskün gördüm,

Boğdu məni qubar, qəhər.

El köçünü hara çəkib,

Kişnəmədi bircə kəhər!

Gecə yaman ağır keçdi,

Gec açıldı bu gün səhər.

Bu nə uzun həsrət oldu

Ara vermir qar, a yazım.

Bu yerlərə şeir deyən,

Vurğun hanı, Qarayazım!

 

Ay qoca Kür, niyə susdun,

Axan təbin durğundumu?

Nəğməkarsız keçən ömrün,

İntizardan yorğundumu?

Tüstülənən bu od, ocaq,

Qəlyan çəkən Vurğundumu?

Kövrək vaxtı qoy sözümü

Göz yaşımla qara yazım.

Bu yerlərə şeir deyən,

Vurğun hanı, Qarayazım!

 

İzlərini nişan versən,

Ləpirindən öpəsiyəm.

Sevincimi çiçək kimi

Bu düzlərə səpəsiyəm.

O işığın pərvanəsi,

O dənizin ləpəsiyəm.

Şair gəlsin bu yerlərə

Qoy sovuşsun qar, a yazım,

Bir də sual olmasın ki,

Vurğun hanı, Qarayazım! 

 

 

  Geri