ÜRƏYİMDƏ
Azərbaycan bir nəğmədir,
Sözü mənim ürəyimdə.
Eşqi uca zirvələrdə,
Özü mənim ürəyimdə.
Nə qorxusu qışın, qarın,
Nə vaxt olsa seyrə varın.
O çağlayan bulaqların
Gözü mənim ürəyimdə.
Döyüşdədir hər gün, hər ay,
Düşmən üstə. Çəkir haray –
Qafur, Mehdi, Cəmil, Gəray,
Həzi mənim ürəyimdə.
Gözüm qaynar gözə baxdı,
Alov əmdim körpə vaxtı.
Ana Vətən bir ocaqdı,
Közü mənim ürəyimdə.
|