ANA TORPAQ
Ana torpaq, açılanda baharın,
Bürünürsən yaşıla sən, göyə sən.
Ucalırıq dağlarına baxanda
Könlümüzü qaldırırsan göyə sən.
Tütək səsi daşları da dindirir,
Qarışırsan nəğməyə sən, neyə sən.
Payız gəldi bir qaydadı, sən gərək
Ağacların budağını əyəsən.
Bağ-bostanın mürgüləyə, sozala,
Yetişəsən, qızarasan, dəyəsən.
Səxavət də, məhəbbət də səndədir,
Hər fəsilə bir sərvətə yiyəsən.
Baharda da, payızda da, qışda da,
Səni görüm toy paltarı geyəsən!
|