Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   BU SİRRİ BİR SƏN BİL

 

 

BU SİRRİ BİR SƏN BİL

 

Sən Allah, qırağa çıxmasın bu söz,

Bu sirri bir sən bil, bir də mən bilim.

Kiminsə evini yıxmasın bu söz,

Bu sirri bir sən bil, bir də mən bilim.

 

Ölərmi dilindən, sözündən öpən,

Kimin baxışıydı gözündən öpən?

Kimin dodağıydı üzündən öpən,

Bu sirri bir sən bil, bir də mən bilim.

 

Sevgi ömürlükdü, bircə an deyil,

Sənsiz bir cansızam, canım can deyil.

Allahın özü də sirr açan deyil,

Bu sirri bir sən bil, bir də mən bilim.

 

Dilim nə danışdı, əlim nə dedi,

İçim nə qaynatdı, çölüm nə dedi.

Həyat nə söylədi, ölüm nə dedi,

Bu sirri bir sən bil, bir də mən bilim.

 

Sən yanar ulduzsan, mən doğan Ayam,

Sən axar çeşməsən, mən dəli çayam.

Kimlərə sovqatam, kimlərə payam,

Bu sirri bir sən bil, bir də mən bilim.

 

Sən şadlıq istədin, fərmanın oldu,

Sən əlac istədin, dərmanın oldu.

Zəlimxan neçə yol qurbanın oldu,

Bu sirri bir sən bil, bir də mən bilim.

02.11.2007

 

  Geri