Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ŞAHDAN GƏLİB ŞAHA GEDƏN YOLDAYAM

 

 

ŞAHDAN GƏLİB ŞAHA

GEDƏN YOLDAYAM

 

Dan yerindən əsən mehə bələndim,

Mehdən gəlib mehə gedən yoldayam.

Duru gəlib duru qalmaq eşqinə,

Şehdən gəlib şehə gedən yoldayam.

 

Libası qəm, paltarı qəm, donu qəm,

Günlərimin beşi sevinc, onu qəm.

Bu dünyanın əvvəli qəm, sonu qəm,

Ahdan gəlib aha gedən yoldayam.

 

Yağış mənim, boran mənim, qar mənim,

Uçurum mənim, keçid mənim, dar mənim.

Ucuz yolda nə ölümüm var mənim? –

Baha gəlib, baha gedən yoldayam.

 

Lələ mənəm, Kərəm mənəm, kül mənəm,

Kül içindən baş qaldıran gül mənəm.

Sevgi adlı şah evində qul mənəm,

Şahdan gəlib şaha gedən yoldayam.

 

 

  Geri