Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   ALLAHDAN GƏLİR

 

ALLAHDAN GƏLİR

 

Şeir var xoş sözdən, xoş bir baxışdan,

Şeir var nifrətdən, qəzəbdən doğur.

Şeir var gözlərdən yağan yağışdan,

Ürəyi göynədən əzabdan doğur.

 

Hər sətrin öz ruhu, öz təbiəti,

Ruhunda çəməni, çölü doğulur.

Şeir var heç zaman çəkmir diqqəti,

Xəstə bətnlərdən ölü doğulur.

 

Şeir var yolunda şəhid olmuşam,

Varaqlar üstünə tökülüb qanım.

Hər sətir başında ölümə tuşam,

Mənim öz qəbrim var, öz qəbristanım.

 

Şair dodağından dürr tökülür, dürr,

Vergi nə saraydan, nə şahdan gəlir.

Ölən şeirlərim özümünküdür,

Qalan şeirlərim Allahdan gəlir.

 

22.10.2004

  Geri