Xəbərlər Boigrafiya Haqqında Yaradıcılığı Qalereya Qonaq dəfətəri Əlaqə

   MƏN ÜRƏYİ ÜRƏK KİMİ SAXLAMADIM

 

 

MƏN ÜRƏYİ ÜRƏK

KİMİ SAXLAMADIM

 

Mən bilmədim sına bilər, yana bilər,

Mən ürəyi ürək kimi saxlamadım.

Nə biləydim buz baxışdan dona bilər,

Mən ürəyi ürək kimi saxlamadım.

 

Qohum gəldi, qonşu yığdı, yad apardı,

Qəmli gələn qismətini şad apardı,

Odu sönən ürəyimdən od apardı,

Mən ürəyi ürək kimi saxlamadım.

 

"Xeyrə-şərə, toya-yasa yüyür" dedim,

Taleyimə "yaralanmış cüyür" dedim,

"Özün qızdır, harda kim üşüyür" dedim,

Mən ürəyi ürək kimi saxlamadım.

 

Dərd dağının külüng çalan Fərhadıyam,

Tüstüsüyəm, dumanıyam, fəryadıyam,

Öz qəlbimin qaniçəni, cəlladıyam,

Mən ürəyi ürək kimi saxlamadım.

 

"Yeri göyə, göyü yerə bağla" dedim,

"Alış" dedim, "tutuş" dedim, "çağla" dedim,

"Yas görəndə hönkür-hönkür ağla" dedim,

Mən ürəyi ürək kimi saxlamadım.

 

Dövlət yükü, millət yükü, şöhrət yükü,

Bu millətin içindəki zillət yükü,

Bu yüklərin altındakı zəhmət yükü,

Mən ürəyi ürək kimi saxlamadım,

 

Mən ürəyi çiçək kimi saxlamadım.

Yağ içində böyrək kimi saxlamadım,

Hey əritdim, hey çürütdüm, hey qanatdım,

Saxlamadım, saxlamadım, saxlamadım.

 

Hönkürən dağ döşündən qaya qopdu,

Ağlayanda boş-boşuna ağlamadım.

Mən ürəyi ürək kimi saxlamadım,

Saxlamadım, saxlamadım, saxlamadım.

 

 

  Geri