DÜNYA BAŞDAN-BAŞA
ÇİLÇIRAQ OLDU
Sən gəldin, təbiət nura boyandı,
Ay ocaq yandırdı, il çıraq oldu.
İşıqlar sayrışdı çəmənlər üstə,
Lalə közə döndü, gül çıraq oldu.
Muştuluq paylandı arana, dağa,
Günəşdən torpağa, bağbandan bağa,
Gəldin taleyimə nur yağdırmağa,
Barmaq şama döndü, əl çıraq oldu.
Sevgin qucaqladı yurdu, yuvanı,
Ətrin qucaqladı suyu, havanı,
Çimdi nur içində göyün tavanı,
Dünya başdan-başa çilçıraq oldu.
17.08.2004
|