KÖNLÜM
Bax gözlərin şöləsinə,
Həyat versin şölə sənə.
Kim vurulmaz beləsinə,
Vurulmağa dəyər, könlüm.
Yaza dönər qışın olsa,
Belə tərlan quşun olsa,
Yolunda bir qoşun olsa,
Qırılmağa dəyər, könlüm.
Qurban elə baş da, can da,
Bu sevgini yaşat qanda.
Boz-bulanlıq sel olsa da,
Durulmağa dəyər, könlüm.
Gözü bəsdi, bulaq gəzmə,
Könlü bəsdi, ocaq gəzmə.
Bu gözəldən uzaq gəzmə,
Yar olmağa dəyər, könlüm.
|