MƏN ONDA BİLDİM
Bir dünya gözəli çıxdı qarşıma,
İnsan nə deməkdi, mən onda bildim.
Unutdum qəmimi, atdım dərdimi,
Dərman nə deməkdi, mən onda bildim.
Baxışı andırdı sökülən danı,
Üzünün şöləsi tutdu cahanı.
Ala gözlərinin olum qurbanı,
Qurban nə deməkdi, mən onda bildim.
Ayrılıq sevincə, sevgiyə yağı,
Görüş ömrümüzün ən şirin çağı.
Söz dedim, tutuldu qaşı-qabağı,
Duman nə deməkdi, mən onda bildim.
Külək tərpədəndə başından şalı,
Baxdım buxağında göründü xalı.
Qızardı, bozardı, dəyişdi halı,
Tufan nə deməkdi, mən onda bildim.
Ömür bağçasında göyərdi bitdi,
Bir göz qırpımında tapıldı, itdi,
Necə gəlmişdisə, elə də getdi,
Hicran nə deməkdi, mən onda bildim.
|