ALLAH, GÖZLƏRƏ BAX
Belə baxış olmaz, belə göz olmaz,
Allah, gözlərə bax, nə gözəl baxır.
Belə atəş olmaz, belə köz olmaz,
Allah, gözlərə bax, nə gözəl baxır.
Göylər ulduz verib, Ay verib ona,
Yerlər çeşmə verib, çay verib ona,
Peyğəmbər nurundan pay verib ona,
Allah, gözlərə bax, nə gözəl baxır.
Haqqın dərgahından enən işıqdı,
Ömrə naxış vuran bir yaraşıqdı.
Mən gül ağacıyam, o, sarmaşıqdı,
Allah, gözlərə bax, nə gözəl baxır.
Bilmirəm nə zaman qarşıma çıxdı,
Qarımı əritdi, dağımı yıxdı.
Mən canı cəhənnəm, millət yazıqdı,
Allah, gözlərə bax, nə gözəl baxır.
Sarayam, daşlarım tökülüb gedir,
Ciyərim canımdan sökülüb gedir.
Mən ağlar qalmışam, o gülüb gedir,
Allah, gözlərə bax, nə gözəl baxır.
Baxışlar nə qədər həlim olarmış,
Gözün zarafatı zülüm olarmış,
Zülümün axırı ölüm olarmış,
Allah, gözlərə bax, nə gözəl baxır.
Ürək yüz parçadı, könül yüz para,
Bir gözəl gözündə çəkildim dara.
Öldürməz, əlindən canım qutara,
Allah, gözlərə bax, nə gözəl baxır!!!
|