SƏN BİLƏRSƏN
Mən kim idim, neyləmişdim səndən ötrü,
Balıq bilməz, Xalıq bilər, sən bilərsən.
Nə çəkmişəm sevgi adlı dindən ötrü,
Balıq bilməz, Xalıq bilər, sən bilərsən.
Yaxın bildim, könül verdim, ərk elədim,
Günahımı çox sonralar dərk elədim.
Daha sənli duyğuları dərk elədim,
Balıq bilməz, Xalıq bilər, sən bilərsən.
Bəlkə, balıq tilovunun hayındadır,
Canındakı alovunun hayındadır.
Öz dəminin, plovunun hayındadır,
Balıq bilməz, Xalıq bilər, sən bilərsən.
Yük mənimdi, dərd mənimdi, dərman sənin,
Əz də, döy də, vəl sənindi, xırman sənin.
İstər öldür, istər yaşat, fərman sənin,
Balıq bilməz, Xalıq bilər, sən bilərsən.
İstər daş ol, istər dəmir, istər qaya,
Yum gözünü İlahidən gələn paya.
Yaxşılığı mən atmışam bir dəryaya,
Balıq bilər, Xalıq bilər, sən bilərsən.
Bu gün görə bilmədiyin ucalığı
Zaman gələr zirvələrə tən bilərsən,
Balıq bilər, Xalıq bilər, sən bilərsən.
|