KƏRƏM YALAN OLDU,
MƏN GERÇƏK OLDUM
Gəl gözüm işığı, gəl gözüm nuru,
Dilim qabar oldu “göz” deyə-deyə.
Ruhum harayladı, könlüm çağırdı,
Öldürdün, “darıxma, döz” deyə-deyə.
Yoruldum, dizimi heydən elədim,
Vaxtımı hey axşam, hey dan elədim.
Ayağın altında meydan elədim,
“Sinəmin üstündə gəz” deyə-deyə.
Nədi sirr saxlamaq, sirr, mən bilirdim,
Gizli sevgiləri pir mən bilirdim.
Bir Allah bilirdi, bir mən bilirdim,
Dillərdə söz oldum, söz deyə-deyə.
Yerinə yetməyən bir dilək oldum,
Yol üstə saralan son çiçək oldum.
Kərəm yalan oldu, mən gerçək oldum,
Qaynar baxışlara göz deyə-deyə.
|